E-mail və @ işarəsini həyatımıza daxil edən Rey Tomlinson kim idi?

2016-03-09

İlk elektron məktub 45 il öncə göndərilib. Bunu edən isə "@" işarəsini həyatımıza daxil edən Rey Tomlinsondan başqa biri deyildi. Martın 5-də Tomlinson 74 yaşında dünyaya gözlərini yumdu.

İnfarktdan vəfat edən Tomlinsonun insanlıq tarixinə ən böyük təsiri məhz elə elektron əlaqə sahəsində oldu. O,ilk elektron məktubun yaradıcısıdır.

Rey Tomlinson kim idi?

Rey Tomlinson 23 aprel 1941-ci il tarixində Nyu-Yorkda dünyaya gəlib. İlk təhsilini Brodalbin mərkəzi məktəbində alan amerikalı daha sonra Rensseler Politexnik İnstitutunda elektrik mühəndisliyi üzrə bakalavr dərəcəsi alıb. Məzun olduqdan sonra Massaçusets Texnologiya İnstitutunda (MİT) magistr təhsilini tamamlayıb.

1967-ci ildən BBN-də çalışmaya başlayan Tomlinson burada TENEX adlanan sistemin təkmilləşməsi prosesinin proqramlaşması ilə məşğul olurdu. Bununla yanaşı, dosya transfer proqramı olan CPYNET üzərində işləyirdi.

Tomlinson, şirkətinin istifadə etdiyi ARPANET üzərindən fərqli kompüterlərdəki insanlar arasında əlaqəni təşkil edən bir proqram ortaya çıxarmaq istəyirdi. Bunu etməsinə yardımçı ola biləcək SNDMSG adlanan elektron məktublaşma proqramı var idi, ancaq o, sadəcə bir kompüterdə mesajlaşmanı həyata keçirirdi.

Tomlinson CPYNET və SNDMSG proqramlarının hər ikisinin işini birdən icra edə bilən və fərqli kompüterlər arasında mesajlaşmanı həyata keçirən proqram yaratmaq istəyirdi.

"@" işarəsinin istifadəsi

Rey Tomlinson ilk elektron məktubu göndərərkən istifadəçi və kompüter adlarını birlikdə yaza bilmək üçün "@" işarəsindən istifadə edib. Beləliklə, hansı kompüterdə hansı istifadəçinin olduğu ilə bağlı məlumatları asanlıqla öyrənmək mümkün idi. Rey Tomlinsonun istifadə etdiyi ilk e-mail adresi tomlinson@bbn-tenexa olub.

Tomlinson ilk e-məktubu 1971-ci ildə öz kompüterindən yandakı kompüterə göndərib. Bu əməliyyat uğurlu olduqdan sonra Rey birlikdə çalışdığı bütün iş yoldaşlarına mail yollayıb, beləliklə, internet istifadəsinin çox böyük hissəsini təşkil edən elektron poçtun təməli atılıb.

İlk elektron məktubda nə yazılmışdı?

Tarixdəki ilk elektron məktubun sahibi olan Rey Tomlinsonun göndərdiyi mail “QWERTYUIOP” hərflərindən ibarət idi. Bu, böyük ehtimalla onun sayısız-hesabsız yoxlamalarından sadəcə biri idi. İstifadə olunan hərflərin klaviaturadakı yerlərinə baxsanız, onların soldan-sağa ardıcıl düzüldüklərini görəcəksiniz.

İlk elektron məktubun üzərindən 45 ilə yaxın müddət keçir. Bu gün dünya səviyyəsində gün ərzində 200 milyard elektron məktub göndərilir. Bəlkə də elektron poçtdan aktiv olaraq istifadə edənlərin əksəriyyəti onun kim tərəfindən ixtira edildiyini bilmir. Amma bu amil Reyin müasir dünyamız üçün nə qədər önəmli bir fiqur olduğuna dair həqiqəti dəyişdirə bilməz.

Hazırladı: Rüfət Məcidzadə (metbuat.az)