Kapital Bank-ın İdarə Heyətinin sədri cənab Rövşən Allahverdiyev ilə müsahibə

2015-09-07
Rövşən müəllim, 2015-ci ilin ilk 6 ayı ərzində Kapital Bankın fəaliyyətini  necə qiymətləndirirsiniz?

Bildiyiniz kimi, dünyada baş verən iqtisadi proseslər  fonunda,  ötən ildən başlayaraq, makroiqtisadi mühitin mürəkkəbləşməsi müşahidə olunur. Yaranmış vəziyyət, öz növbəsində, ölkəmizin bank sektoruna da təsirsiz ötüşmür. Buna baxmayaraq, Kapital Bankın bu sınaqdan uğurla çıxdığını qətiyyətlə söyləyə bilərəm. Uğurumuzun təməlində ilk növbədə müştərilərimizin bizə olan etibarı və əzmkar fəaliyyətimiz dayanır. Müştərilərin bizə göstərdiyi etimadın bariz nümunəsidir ki, bankın depozit portfeli ilin əvvəli ilə müqayisədə 164 milyon manat artmışdır. Aktivlərimiz isə eyni dövr ərzində 23% artaraq 1 milyard 700 milyon manata çatmışdır. Qeyd etdiyim  maliyyə göstəriciləri son 6 ay ərzində Bankın sabit inkişafını əks etdirir.
Müasir bankçılığın mühüm və ayrılmaz tərkib hissəsindən biri - müştərilərə göstərilən xidmətin keyfiyyətli olmasıdır. Proseslərin davamlı monitorinq edilməsi, müştərilərin irad və təkliflərinin təhlili, filial əməkdaşlarının bilik və bacarıqlarının artırılması, xidmət infrastrukturunun təkmilləşdirilməsi müştərilərimizin məmnuniyyət dərəcəsinin artmasına öz töhfəsini verib. Ümümiyyətlə, qeyd etmək istərdim ki, ölkəmizdə bankların müştəri yönümlü siyasət aparması Mərkəzi Bankın uğurla  həyata keçirdiyi strateqiyanın və effektiv fəaliyyətin bir hissəsidir.  İstər xidmətin keyfiyyətinin artırılmasına , istərsə də müştərilərin maraqlarına  xidmət edən hər hansı bir kampaniyanın  keçirilməsində Mərkəzi Bankın verdiyi tövsiyyələr hər zaman böyük əhəmiyyət daşıyıb.  Bunlara uyğun olaraq biz müştərilərimizin rahatlığına yönələn müxtəlif  yeniliklər tətbiq etmişik.  Bu baxımdan, bu il ilk dəfə olaraq bankın yeni konsepsiyalı filiallarının fəaliyyətə başlaması bizim üçün mühüm və  əlamətdar hadisədir. Fərqli dizaynı ilə seçilən yeni filialların yaradılmasında məqsəd müştərilərin keyfiyyətli bank xidmətlərindən yararlanmasını təmin etməkdir. Tezliklə daha bir neçə yeni konsepsiyalı filialı müştərilərimizin istifadəsinə verməyi nəzərdə tutmuşuq. Müasir bankçılıqda xidmət səviyyəsini yüksəltmək üçün əsas məqamlardan biri də sürətlə inkişaf edən texnologiyaların tətbiqidir. Bu istiqamətdə də bir sıra mühüm tədbirlər həyata keçirilir. Artıq onlayn ödənişlərin həyata keçirilməsini asanlaşdırmaq məqsədilə bir sıra  elektron ödəniş sistemlərinə qoşulmuşuq. Həmçinin, Kapital Bankın yeni dizayn və strukturlu korporativ saytı istifadəyə verildi. Bir sıra müasir xüsusiyyətləri ilə fərqlənən veb sayt “Ən yaxşı koprorativ sayt” nominasiyasında  NETTY-2015 Azərbaycan Milli İnternet Mükafatına layiq görülüb.

2015-ci ilin iyun ayında ölkəmiz üçün önəmli hadisələrdən biri Azərbaycanın birinci Avropa Oyunlarına ev sahibliyi etməsi oldu. Kapital Bank bu layihədə rəsmi tərəfdaş qismində çıxış etdi. Bu tərfdaşlıq Sizin üçün nə ilə yadda qaldı?

İlk dəfə olaraq Avropa Oyunlarının məhz ölkəmizdə keçirilməsi Azərbaycan üçün böyük tarixi nailiyyətdir. Hesab edirəm, Avropa Oyunları Azərbaycanda müasir idman infrastrukturunun yaradılması, ölkəmizin dünyada daha da tanınmasında mühüm rol oynadı. Bu tarixi hadisənin bir hissəsinə çevrilmək bizim üçün böyük şərəf, eyni zamanda, məsuliyyət idi. Avropa Oyunlarında  rəsmi tərəfdaşlardan biri kimi çıxış etməmiz, həm də  Kapital Banka olan böyük etimadın göstəricisidir.
Qeyd edim ki, Kapital Bank müxtəlif sosial layihələri dəstəkləməklə ölkəmizdə idmanın inkişafına, sağlam həyat tərzinin təbliğ olunmasına hər zaman öz töfhəsini verib. Xatırladım ki, Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsi ilə tərəfdaşlıq çərçivəsində  Kapital Bank yarışların keçirildiyi obyektlərdə ATM və valyutadəyişmə aparatlarının yerləşdirilməsini öz üzərinə götürmüşdü. Həmçinin, Avropa Oyunlarına cəlb edilən 9 mindən çox yerli və xarici işçi Kapital Bankın plastik kartlarından istifadə edirdi.

May ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən keçirilən tenderin nəticələrinə əsasən ölkə üzrə sosial müavinət və təqaüdlərin ödənilməsi Kapital Banka həvalə olundu. Bununla bağlı  Kapital Bank hansı öhdəlikləri yerinə yetirəcək?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin belə əhəmiyyətli layihəni Kapital Banka həvalə etməsi, ilk növbədə, bizə olan inamdan xəbər verir. Şözsüz ki,  bankın uzun illər qazandığı təcrübə də, bu məsuliyyətli layihəni müvəffəqiyyətlə icra etməyə imkan verir. Hazırda Bankımızın 3 milyona yaxın kart sahibi var. Qeyd etdiyiniz  tenderin əsas şərtlər toplusuna  əsasən proqnoz olaraq  375 mindən çox vətəndaşa Kapital Bank tərəfindən xidmət göstəriləcəkdir. Bu kimi sosial layihələr bizim üçün əhəmiyyət kəsb edir. Hazırda Kapital Bankın rayon və şəhər filiallarında sosial müavinət və təqaüdlərin alınması üçün plastik kartların vətəndaşlara verilməsi davam edir. Artıq növbəlilik  prinsipi ilə kart sahiblərinin böyük əksəriyyəti plastik  kartlarını yeniləyib. Fiziki imkanları məhdud olan şəxslərin kartlarını ünvanlarına çatdırmaq məqsədilə bu yaxınlarda  Mobil Qrup Xidməti də fəaliyyətə başlayıb. Bundan əlavə, Sumqayıt sakinlərinin rahatlığı üçün  Sumqayıt Kart Mərkəzi  müştərilərimizə xidmət göstərir. Plastik kartlarla bağlı bütün növ əməliyyatların həyata keçirildiyi analoji mərkəzlərin, gələcəkdə Bakı və digər bölgələrdə də açılması nəzərdə tutulub.

Bu yaxınlarda Kapital Bank dünyanın məşhur biznes dərgilərindən biri olan "Euromoney" Nəşriyyat Qrupu tərəfindən 2015-ci ildə “Azərbaycanın ən yaxşı Bankı” adına layiq görüldü. Bu mükafat Sizin üçün hansı əhəmiyyət kəsb edir?

Hər zaman vurğulayıram ki, Kapital Bankın uzunmüddətli inkişaf strategiyasının əsasında  3 mühüm dəyər  – keyfiyyət, şəffaflıq və mənfəətlik dayanır. Bu prinsiplərə əsaslanan fəaliyyətin nəticələrinin, maliyyə dünyasında nüfuzlu mükafatlardan biri sayılan "Euromoney" mükafatına layiq görülməsi, bizim üçün çox əhəmiyyətli hadisədir. Dünyanın 100-dən artıq ölkəsində aparıcı banklara və maliyyə təşkilatlarına verilən bu mükafat bu il “Azərbaycanın ən yaxşı Bankı”  nominasiyasında Kapital Banka təqdim olundu. Bundan iki ay əvvəl isə “Moody’s” beynəlxalq reytinq agentliyi, Kapital Bankın güclü kapitallaşmasını və gəlirliliyini əsas tutaraq, milli və xarici valyutada olan uzunmüddətli depozit reytinqini yüksəltdi. Kapital Bankın yüksək likvidlik və  kapitallaşma səviyyəsinə malik olması müştərilərimizin bizə olan inamını daha da  artırır və yarana biləcək hər hansı bir gərginliyin aradan qaldırılmasına imkan verir.  Bütün bu göstəricilər beynəlxalq reytinq agentliklərinin qiymətləndirmələrində öz əksini tapır. Qazandığımız bu uğurlar daim inkişaf etmək və qarşıya qoyulan hədəflərə daha tez çatmaq üçün bizə əlavə stimul verir.

 

http://www.kapitalbank.az/