Sahibkarlar nə üçün kredit ala bilmirlər?

2016-06-21

“Bütün müraciət edən sahibkarların Bankımızdan kredit ala bilməmələrinin əsas səbəbləri korporativ idarəetmələrinin olmaması, maliyyə hesabatlarını düzgün və şəffaf aparmamalarıdır”.

Bunu “PAŞA Bank” ASC-nin İdarə Heyətinin sədri Taleh Kazımov bildirib.

“Bizim fəlsəfəmiz bir az fərqlidir. Biz müştərinin istədiyi krediti vermirik, biz müştəriyə lazım olan krediti veririk. Müştəriyə lazım olanı verməyimiz üçün, müştərini detallı şəkildə başa düşməliyik. Bunun üçün bizə məlumatlar lazımdır. Belə məlumatların düzgün hazırlanmaması, məlumatların dəqiq olmaması, bizə qərar verməkdə çətinlik yaradır. Girov ilə kredit vermək bizim üçün əsas deyil. Əsas odur ki, biznes sağlam olsun. Belə də olub ki, digər bankda sağlam olmayan müştərini biz götürmüşük və indiyədək sağlamdır”,- Bankın sədri deyib.

“BANKLAR DÜZGÜN KREDİTİ VERMİR”

Taleh Kazımov qeyd edib ki, məsuliyyətli maliyyələşdirmə də çox vacibdir:

“İqtisadiyyatda baş verən proseslər və ya idarəetmənin düzgün qurulmaması ilə bağlı olaraq sahibkarın çətinlikləri ola bilər.  Digər tərəfdən, çox vaxt rast gəlirəm ki, müştərinin çətinliyə düşməsinin bir səbəbi də Bankın ona düzgün krediti verməməsidir”.

MÜŞTƏRİLƏRƏ KÖMƏK GÖSTƏRİRİK

Taleh Kazımov qeyd etdi ki, PAŞA Bank  korporativ idarəetməsi və mühasibatlığı tələbərə cavab verməyən şirkətlərə kömək göstərməyə hazırdır. PAŞA Bank kredit təşkilatı olmaqla bərabər, etibarlı tərəfdaşdır:

“Son 2 ildir idarəetməsi və mühasibatlığı zəyif olan müştərilərə kömək göstəririk. Bu bizə biznesi düzgün başa düşməyə kömək edir. Biznesi düzgün başa düşdükdə də düzgün maliyyələşdirməni həyata keçirə bilirik”.

mənbə:marja