Əhalinin bütün əmanətləri 3 illik sığorta oluna bilər

Əhalinin bütün əmanətləri 3 illik sığorta oluna bilər | alkredit.az

Azərbaycan Banklar Assosiasiyası (ABA) tərəfindən Mərkəzi Banka (MB) fiziki şəxslərin bütün əmanətlərinin 3 il müddətinə sığorta olunması ilə bağlı təkliflər təqdim edilib.

Bunu müsahibəsində ABA sədri Zakir Nuriyev deyib.

Z. Nuriyev bildirib ki, bütün Avropa ölkələrində və dünyanın bir çox dövlətlərində devalvasiya zamanı əhalinin əmanətlərinə müvəqqəti olaraq 100 faizlik təminat verilib. Bunu əsas gətirən Z. Nuriyev əlavə edib ki, beynəlxalq təcrübədə qəbul olunmuş bu formatdan çıxış edərək ABA belə bir təkliklə çıxış edib:

“Bizim hökumətə təqdim etdiyimiz və təklif etdiyimiz məsələ bütün əhali əmanətlərinin məbləğindən asılı olmayaraq 3 il müddətinə sığorta olunması ilə əlaqədardır. Bununla bağlı biz Azərbaycan Mərkəzi Bankına müraciət etmişik. Mərkəzi Bank da öz növbəsində təkliflər paketini hökumətə təqdim edib. Buna görə Əmanətlərinin Sığortalanması Fondu haqqında qanuna müvafiq dəyişikliklərin həyata keçirilməsini təklif etmişik”.

Zakir Nuriyev qeyd edib ki, o cümlədən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin də banklardakı bütün əmanətlərinin 100 faiz sığortalanması təklif olunur.

DOLLARDA ARTAN KREDİTLƏRİN MƏRKƏZİ BANK QARŞILAMASI BİR TƏKLİFDİR

Z. Nuriyev qeyd edib ki, ABA tərəfindən kommersiya banklarının öhdəliklərinin,  problemli kreditlərin, eləcə də devalvasiya nəticəsində xarici valyuta ilə kredit borcu olanlarda yaranmış fərqin Mərkəzi Bankın vəsaitləri hesabına qarşılanması ilə bağlı heç bir quruma müraciət olunmayıb: “Biz bununla əlaqədar Azərbaycan Mərkəzi Bankına müraciət etməmişik. Bu, bankların və Mərkəzi Bankın məsələsi deyil. İqtisadçı ekspertlərdən bəziləri təklif edib ki, devalvasiya fərqindən Mərkəzi Bankda yaranmış 3 milyard əlavə vəsait hesabına bu məsələyə baxıla bilər. Amma biz hökumətə müraciət edə bilmərik  ki, kiminsə hesabına bizə pul verin. Çünki, dövlət kommersiya banklarının öhdəlikləri üzrə məsuliyyət daşımır. Ona görə də bizim elə bir müraciət etməyimiz və belə yardım istəməyimiz düzgün olmaz”.

Mənbə: APA