Əlillik dərəcəsi almaq istəyənlər elektron qaydada müraciət edəcəklər

Əlillik dərəcəsi almaq istəyənlər elektron qaydada müraciət edəcəklər | alkredit.az

Nazirlər Kabineti "Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə"ni təsdiqləyib.

Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, Azərbaycan Respublikasında əhaliyə göstərilən tibbi-sosial ekspertiza xidməti tibbi-sosial ekspert komissiyaları (TSEK) tərəfindən həyata keçirilir.

TSEK-lər tibbi-sosial ekspertiza keçirərək əlilliyi və 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğunu qiymətləndirir, bunun əsasında əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud olan uşaqların sosial müdafiə tədbirlərinə ehtiyaclarını müəyyən edir.

TSEK-in nəqliyyat vasitəsi olmadığı hallarda, səyyar müayinələrin aparılması üçün TSEK rayon (şəhər) əhalinin sosial müdafiəsi mərkəzi tərəfindən nəqliyyat vasitəsilə təmin edilir.

Şəxslərin TSEK-də müayinəsi dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında aparılır.

Göndərişin rəsmiləşdirilməsi barədə məlumatı almış şəxs əlilliyin müəyyən edilməsi üçün mümkün fərdi kommunikasiya vasitələrindən (kompüterlərdən, mobil telefonlardan və s.) istifadə edərək, "Əlillik dərəcəsinin və ya sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi üçün müraciətin qeydiyyatı" elektron xidmətini seçir. Daxil edilmiş məlumatların düzgünlüyü sistem tərəfindən təsdiqləndikdən sonra müraciət edən şəxs elektron ərizə formasını doldurur.

Müraciət edən şəxsin ərizədə qeyd etdiyi əks əlaqə vasitələrinin birinə müayinənin vaxtı və yeri barədə məlumat göndərilir və ya bildirilir. Şəxs TSEK tərəfindən 1 iş günü müddətində müayinə olunur.

TSEK-ə gəlmək imkanının olmaması barədə həkim-məsləhət və ya hərbi-həkim ekspertizasının rəyinə əsasən şəxsin müayinəsi səyyar qaydada evdə və ya müalicə olunduğu səhiyyə müəssisəsində 1 iş günü müddətində aparılır. Qəbul edilmiş qərarın nəticəsindən asılı olmayaraq, müayinəyə əsas verən göndəriş yenidən hər hansı bir TSEK-ə müayinə üçün əsas ola bilməz.

mənbə:news.day