Əmanətdə yüksək faizə şirnikmək, pullarınızın batması ilə nəticələnə bilər!

Əmanətdə yüksək faizə şirnikmək, pullarınızın batması ilə nəticələnə bilər! | alkredit.az

Banklar manatla əmanat cəlb etməkdə yarışa giriblər. Bir-birindən fərqli kampaniyalar vətəndaşların seçim imkanlarını artırır. İndi Manatda olan vəsaitinizi banka yerləşdirməklə əlavə faiz, hədiyyələr əldə edə, hətta əmanət faizini əvvəlcədən alıb xərcləyə bilərsiniz.

Eyni zamanda, əmanət faizlərinin artırılması tendensiyası başlayıb. İllik faiz dərəcəsi 12%-dək olan Manat əmanətləri Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunur. Bu faiz dərəcəsindən yuxarı faizlə banka yatırılan əmanətlər sığortalanmır. Əgər, belə faizi təklif edən bank gələcəkdə müflis elan edilərsə, əmanətçi kompensasiya ala bilməyəcəkdir.

Bu gün bir sıra banklar Manat əmanətinə 12%-dən də yüksək gəlir təklif edirlər. Məsələn: “Parabank” ASC. Siz “Parabanka” əmanətinizi yerləşdirib illik 19% gəlir götürə bilərsiniz, amma əmanətiniz qorunmayacaqdır.

YÜKSƏK FAİZ, ETİBARIN OLMADIĞINA VƏ ZƏYİFLİYƏ İŞARƏDİR

Ümumiyyətlə, istər əmanətdə, istər istiqrazda yüksək faizi riskli banklar və şirkətlər təklif edirlər. Etibarı aşağı və riski isə yüksək olan maliyyə təşkilatları yüksək faizlər ilə diqqəti cəlb etmək istəyirlər. Nüfuzlu, güclü maliyyə imkanları və səhmdarları olan maliyyə təşkilatları isə aşağı faiz dərəcələri təklif edirlər. Çünki etibarlı olduqlarına görə, insanlar özləri belə kredit təşkilatlarını seçirlər. Məsələn, Azərbaycan Beynəlxalq Bankı (ABB). Məlum kredit qalmaqalına baxmayaraq ABB Azərbaycanın ən böyük bankıdır və onun səhmdarı Azərbaycan dövlətidir. Beynəlxalq Bank 1 illik manat əmanəti üçün cəmi 8.25%, 10 illik yerləşdirldikdə isə 11.75% ödəyir. Beynəlxalq Bankın da Manatda vəsait cəlb etməyə ehtiyacı var, amma bank bunun üçün yüksək faizdən deyil, nüfuzundan istifadə edir. Bank ucuz cəlb etdiyi vəsaiti də, müştərilərinə nisbətən aşağı faizlə kredit şəkilində ayıra bilir.

NƏ ÜÇÜN YÜKSƏK ƏMANƏT FAİZİ TƏKLİF EDƏN BANKLAR RİSKLİDİR?

Belə izah edək. “Parabank” 19%-lə əmanəti cəlb etdi. Bank bu faizin üzərinə müəyyən gəlir faizini əlavə edib, kredit şəkilində başqalarına verməlidir. Əmanət yüksək faizlə cəlb edildiyindən kredit də bahalı olur.  Yüksək faizlə krediti götürən vətəndaş və ya şirkət qazancının böyük bir hissəsini belə kreditlərə görə banka ödəyir. Əslində yüksək faiz sahibkarın “belini qırır” və irəli gedə bilmir. Satışların və gəlirlərin azaldığı belə bir dövrdə bankların yüksək faizlə kredit ayırması daha risklidir. Ola bilər ki, gələcəkdə belə kreditlər qaytarılmasın. Nəticədə də bank əmanətçilərin pullarını geri ödəməyə bilər. Qısası, yüksək faizə şirnikmək, bütün pullarınızın batması ilə nəticələnə bilər. Bu ssenarini kənara qoymayın. Əgər Sizin “Pulum bata bilər?” sualınıza, bankdan, “Biz 25 ildir fəaliyyət göstəririk, bu günə kimi bununla bağlı heç bir problem yaranmayıb ” cavabı verilərsə, bir də fikirləşin. Nəyinki 25 yaşlı, dünyada yaşı daha çox olan iri maliyyə təşkilatları, şirkətlər batıblar.

BİZ HƏR ŞEYİ BİLMİRİK

Bir sıra banklar krediti girov ilə verdiklərini deyə bilərlər. Məsələn, verilən kredit qarşılığında qızıl, əmlak girov götürülür. Belə əmlakların qiyməti qısa müddətdə dəyişə bilər. Əgər qiymətlər kəskin aşağı düşərsə, bankın zərərə düşməsi qaçılmazdır. Həmçinin daşınmaz əmlak kimi girovların satılması çətindir, bunu üçün uzun hüquqi proseslər tələb olunur. Bundan başqa, banklar “saxta” girovlar ilə pulları rəhbərliyə yaxın şəxslərə ayıra bilərlər. Belə kreditlərdən cəmiyyətin xəbəri olmur.

BANKIN REYTİNQİNƏ BAXIN

Yüksək əmanət faizi təklif edən banka əmanət yatırmaq istədikdə bankın öndə gedən bank olub-olmadığına diqqət yetirin. Əgər bankın ilk ən böyük banklar siyahısında adı varsa, bu, riskin bir qədər  aşağı olduğuna işarə edir.

BANKİR ETİRAF ETMİŞDİ

Elə bu yaxınlarda, "Caspian Development Bank" ASC-nin ("CDB Bank") İdarə Heyətinin sədri Nadir Yıldırım da bankların yüksək faizlə əmanət cəlb etməsinə toxunaraq demişdi:

“Bu gün Azərbaycanda əhalisinin bank sektoru haqqında məlumatlılıq səviyyəsi yüksək deyil. Cəmiyətin maliyyə savadlılığının artırılması istiqamətində müəyyən maarifləndirici addımlar atılmasına ehtiyac var. Hər bir müştəri əməkdaşlıq etdiyi bankın maliyyə göstəriciləri ilə tanış olmalı, onun resursları, bazarda mövqeyi haqqında məlumatlara sahiblənməlidir. Məlumdur ki, bugün yüksək faizlə depozit qəbulu elan edən banklar var. Təcrübə onu göstərir ki, əgər bir bank yüksək faizlə depozit qəbul edirsə, deməli bu bankın vəsait toplamağa böyük ehtiyacı var və maliyyə vəziyyəti heç də qənaətbəxş deyil. Bu o deməkdir ki, bank seçən zaman artıq bunları düşünmək lazımdır. İnsanlar bu cür təkliflərə aldanmasınlar”.

mənbə:marja