Əmanətlərin sığortalanması qaydaları dəyişəcək

Əmanətlərin sığortalanması qaydaları dəyişəcək | alkredit.az

Azərbaycanda bank əmanətlərinin sığortalanması qaydaları dəyişəcək. Bu barədə Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Azad Cavadov bildirib. Onun sözlərinə görə, bunun üçün qanunvericiliyə dəyişikliklərin edilməsi təklif olunur.

Əsas dəyişikliklərdən biri odur ki, bankdan kredit götürən şəxslərin bu bankdakı əmanətləri qorunacaq. Məsələ bundadır ki, hazırda bankda əmanəti olanlar, həmin bankdan kredit götürdükdə onların bankdakı əmanətləri avtomatik olaraq sığorta təminatından kənarda qalır. Yəni, şəxsin bankdakı əmanəti lazımi tələblərə cavab versə də (yəni illik 12%-lə yerləşdirilib, məbləği isə 30 min manatı ötmür), bu bankdan kredit götürməsi həmin əmanətin sığortalanmaması ilə nəticələnir. İndi isə bu məsələni də əmanətçilərin xeyrinə həll olunması müzakirə edilir. Yəni əmanətçi bankdan kredit götürsə də onun əmanəti qorunacaq.

Digər mühüm yenilik, sahibkarların banklardakı depozitləri ilə bağlıdır. A.Cavadovun sözlərinə görə, təklif edilir ki, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğil olan fiziki şəxslərin də banklardakı depozitləri sığortalansın: “Bu məsələ hazırda müzakirə obyektidir”.

Azad Cavadov deyir ki, fiziki şəxslərlə bağlı məsələnin gündəmə gəlməsi xarici ölkələrdəki təcrübə ilə bağlıdır: “Əmanətlərin sığortalanması bütün ölkələrdə ilk olaraq sadə vətəndaşlara şamil edilib, daha sonra isə sahibkarlıqla məşğul olan fiziki şəxslər də bu xidmətlə əhatə olunur. Tədricən hüquqi şəxslərin də əmanəti qorunacaq».

Mənbə: Fins.az