100 mindən artıq sahibkarı maliyyələşdirən bank

100 mindən artıq sahibkarı maliyyələşdirən bank | alkredit.az

100% xarici kapitallı bank olan “AccessBank” QSC 2015-ci ilin sonunda Azərbaycanda 100 mindən artıq aktiv mikro, kiçik və orta sahibkar müştəriyə malik olub. Bank bu sahibkarların bizneslərinin inkişafına kredit ayırıb.

2015-ci ilin sonunda Bankın manatda kredit portfelinin həcmi 923 milyon manat təşkil edib. Bu, 2014-cü ilin sonu ilə müqayisədə 103 milyon manat və ya 12,5% çoxdur. Kredit portfeli dollar ilə ifadədə isə azalaraq 1,05 milyard dollardan 592 milyon dollara geriləyib. Səbəb, USD/AZN məzənnəsinin 0.7844-dən 1.5594-ə qalxmasıdır.

Ötən il “AccessBank”ın mikro sahibkarlara verdiyi kreditlər 47 milyon manat azalaraq 361 milyon manatdan (2014-cü il) 314 milyon manata düşüb. Mikro kredit porteli dollar ilə ifadədə isə 461 milyon dollardan 201 milyon dollara düşüb.

Keçən il kiçik və orta sahibkarlara verilən kreditlər isə 168 milyon manat artaraq 519 milyon manata çıxıb. Dollar ilə ifadədə isə bu portfel 447 milyon dollardan 333 milyon dollara düşüb.

Bankın pərakəndə sektora verdiyi kreditlər isə 74.5 milyon manatdan 44.9 milyon manata düşüb.

“AccessBank”ın 98,000 min mikro, 2,286 kiçik və orta sahibkar olan müştərisi var. Bank eyni zamanda, 18 203 fərdi (pərakəndə) müştəriyə malik olub.

2015-ci ilin sonunda “AccessBank”, ümumilikdə 100 mindən artıq aktiv mikro, kiçik və orta sahibkar müştəriyə malik olub. Bankın indiyədək kredit verdiyi sahibkarların sayı isə bu saydan dəfələrlə çoxdur.

Ötən il “AccessBank” mikro, kiçik və orta sahibkarlığın maliyyələşdirilməsi üçün xaricdən 175 milyon dollar kredit cəlb edib.

“AccessBank”ın nizamnamə kapitalı 85 milyon  manat təşkil edir. Bu, 100% xarici kapitaldan ibarət olub, 6 beynəlxalq maliyyə institutuna məxsusdur:  Qara Dəniz Ticarət və İnkişaf Bankı (20%), Avropa Yenidənqurma və İnkişaf Bankı (20%), Beynəlxalq Maliyyə Korporasiyası (20%), KfW - Kreditanstalt für Wiederaufbau (20%),Access Microfinance Holding AG (16,53%) və LFS Financial Systems GmbH (3,47%).

Ötən ilin sonuna olan məlumata görə, “AccessBank”ın 29-u regonlarda, 14-ü isə Bakı və Abşeronda olmaqla 43 filialı var. Bankda 2184 nəfər çalışıb.

mənbə:marja