2016-cı ilin büdcəsi necə və nə qədər azalacaq?

2016-cı ilin büdcəsi necə və nə qədər azalacaq? | alkredit.az

Azərbaycanın 2009-cu ildən bəri artan dövlət büdcəsinin 2016-cı ildə azalacağı proqnozlaşdırılır.Sentyabrın 8-də Azərbaycan Prezidenti İlham Əliyev iqtisadi məsələlərə və 2016-cı ilin dövlət büdcəsinin hazırlığı işlərinə həsr edilmiş müşavirədə bildirdi ki, gələn ilin büdcəsi balanslaşdırılmış, reallığı əks etdirən və lazım olmayan xərclərə yol verməyən bir büdcə olmalıdır.Gözlənilir ki, 2016-cı ilin büdcəsi xeyli azalacaqdır. Qeyd edək ki, 2015-ci il dövlət büdcəsinin gəlirlərinin 19 milyard 438  milyon manat, xərclərinin isə 21 milyard 100 milyon manat təşkil edəcəyi proqnozlaşdırılırdı.

6 MİLYARD MANAT AZALA BİLƏR

“Marja”nın məlumatına görə, müstəqil ekspertlər qeyd edirlər ki, gələn ilin büdcəsi bu ilə nisbətən 6 milyard azala bilər. Büdcənin 7-8 milyard dollar azalacağını proqnozlaşdıranlar da var. Ekspertlərin rəyinə görə, dövlət investisiyalarının həcmi builki 11.1 milyarddan 70-80 faiz azalacaq və 3-4 milyard həddində olacaq. Bu vəsaitin də təyinatı üzrə xərclənib-xərclənməyəcəyi cari iqtisadi vəziyyətdən asılı olacaq.

2006-2008-ci illərdə dövlət büdcəsindən əsaslı vəsait qoyuluşuna yönəldilən vəsait əvvəlki illə müqayisədə hər il 2 dəfədən çox artırılırdı. Lakin 2009-cu ildə büdcədən ayrılan əsaslı vəsait qoyuluşunun məbləği əvvəlki illə müqayisədə 721,8 milyon manat, yaxud 16,9 faiz azaldılmışdı.

Digər ixtisar istiqaməti isə  ümumdövlət xidməti xərcləri ilə bağlı olacaq. Bununla bağlı builki büdcəcə 2 milyard 47 milyon manat nəzərdə tutulmuşdu. Bu xərclərin dövlət büdcəsində xüsusi çəkisi 9,7 faiz təşkil etmişdi. Bu xərclərin, təxminən, 15-20 faiz azalacağı gözlənilir. Əsas bölməyə aid edilməyən xidmətlərə isə 2 milyard 696,9 milyon manat xərclənməsi nəzərdə tutulmuşdu. Qeyd edilən istiqamət üzrə də əhəmiyyətli azalma olacağı təxmin edilə bilər.

Bu il sənaye-tikinti və faydalı qazıntılar funksional istiqaməti üzrə 6 milyard 951.6 milyon manat xərclənəcəyi qeyd olunmuşdu. Növbəti ildə bu istiqamət üzrə nəzərəçarpacaq azalma prqonozlaşdırmaq olar. 2015-ci ildə məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq orqanlarının fəaliyyətinin təmini üçün 1 milyard 227,1 milyon manat xərclənməsi nəzərdə tutulmuşdu. Bu istiqamət üzrə də ayrılan vəsaitin, cüzi də da olsa, azalacağı gözlənilir. Böyük ehtimalla, hökumət müdafiə xərclərini də optimallaşdıracaq. 2015-ci ildə müdafiə xərcləri 1 milyard 778,5 milyon manat təşkil etməli idi.

AZƏRBAYCAN 14-15 MİLYARD MANATLIQ BÜDCƏ İLƏ QANE OLA BİLƏR?

Dövlət büdcəsinin həcminin azalması hökumət üçün yeni situasiya yaradır və yeni vəzifələr müəyyənləşdirir. Bu, ilk növbədə, dövlət xərclərinin optimallaşdırılması və effektiv menecment tələb edir.

Qeyd etmək lazımdır ki, 2000-ci ildən bəri əvvəlki illə müqayisədə Azərbaycanın dövlət büdcəsinin xərclərində ilk dəfə azalma 2009-cu ildə baş vermişdi: 2008-ci illə müqayisədə həmin il büdcə xərclərinin ümumi məbləği 270,3 milyon manat, yaxud 2,5 faiz azalmışdı. Bunun səbəbi 2008-ci ilin ortalarından ilin sonunadək dünya bazarında neftin qiymətinin kəskin azalması nəticəsində neft gəlirlərinin azalması olmuşdu. Bundan sonrakı dövrdə - 2009-2013-cü illərdə - büdcə xərclərinin ümumi məbləği müntəzəm olaraq artıb, həm də orta illik artım tempi 16%-dən bir qədər çox olub.

Ötən il 2009-cu ildən sonra ilk dəfə olaraq büdcə xərclərinin ümumi məbləğində azalma qeydə alınıb. 2014-cü ildə dövlət büdcəsinin faktiki xərcləri 18 milyard 709,0 milyon manat olub. Bu, əvvəlki ilin xərclərindən 434,5 milyon manat, yaxud 2,3 % azdır.

İndi 2009-ci ildəki vəziyyət daha ağır formada təkrarlanır. Lakin o zaman neftin qiyməti çox qısa zaman kəsyində aşağı düşmüşdü. Azərbaycanda neft hasilatının pik həddi isə qarşıda idi, hasilat artan xətlə gedirdi. İndi isə neftin qiymətinin aşağı düşməsi uzunmüddətli xarakter alıb və ölkədə neft hasilatı azalır. Belə şəraitdə Azərbaycan üçün qeyri-neft sektorunun inkişafı və rasional iqtisadi siyasət, real kompleks islahatlar aparılması prioritetləri ön plana çıxır. Bu prioritetlər isə  Prezidentin müşavirədə ifadə etdiyi kimi, çevik hökumət formalaşdırılmasını tələb edir. Çünki hökumət situasiyanı tam nəzarətdə saxlamaq üçün adekvat reaksiya vermək imkanında və qabiliyyətində olmalı, əldəki resursları səmərəli istifadə etməlidir.

Ekspertlərin fikirincə, müvafiq islahatlar aparılarsa, yaxın perspektivdə əldə olan resurslarla ən azı vəziyyəti kritik həddə çatmağa qoymamaq mümkündür. Səmərəli xərcləmə və paralel olaraq iqtisadi liberallaşma ilə 14-15 milyardlıq büdcə ilə indiki rifahı saxlamaq da mümkün ola bilər. Əks halda iqtisadi vəziyyətin davamlı şəkildə pisləşməsinin qarşısını almaq mümkün olmayacaq.  Dövlət xərclərinin azaldılması avtomatik olaraq işsizliyin artmasına, istehlakın, istehsalın, yaradılan əlavə dəyərin həcminin, ticarətin dövriyyəsinin azalmasına, xidmət sektorunun kiçilməsinə, istehsala dövlət investisiyalarının həcminin aşağı düşməsinə səbəb ola bilər.  Bu itkilərin özəl sektorun resursları, xarici investisiyaların hesabına bərpa edilməsi üçünsə çox qısa müddətə genişmiqyaslı islahatlar həyata keçirilməlidir.

“Gələn il hökuməti böyük işlər gözləyir. Hökumət yeni situasiyada işləyəcək. Neft gəlirləri azalır, ona görə daha çox innovasiyalara üstünlük verilməlidir. Sahibkarlığın inkişafı üçün addımlar atılacaq və maliyyə sabitliyi təmin ediləcəkdir”, -Azərbaycan Prezidenti müşavirədə demişdir.

 

Qeyd: Məqalənin hazırlanmasında İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin 2014-cü il dövlət büdcəsinin icrası ilə bağlı tədqiqatından  və  Strateq.az saytındakı “2016-cı ilin büdcəsi: Hansı xərclər ixtisar olunacaq?” məqaləsindən istifadə olunub.

mənbə:marja