Ananın Muğanbanka təşəkkürü

Ananın Muğanbanka təşəkkürü | alkredit.az

Bu günlərdə redaksiyamıza daimi oxucumuz tərəfindən bir məktub daxil olub. Ağsu şəhər sakini Sevinc Həbibova ailəsinin yeganə övladı olan Ülviyyənin gözlərində olan böyük problemdən xəbər verdi. Anadan olandan 10 yaşına kimi Ülviyyə öz həmyaşıdları kimi sağlam böyümüş, lakin sonradan gözlərində problemlər yaranmağa başlamış, günü-gündən görmə qabiliyyəti azalmışdı. Hal-hazırda Ülviyyənin 15 yaşı var və xəstəlik bu cür davam edərsə, həkimlərin diaqnozuna əsasən, qısa bir zamanda o, görmə qabiliyyətini tamamilə itirə bilər. Bu xəstəlik ucbatından bir ilə yaxındır ki, Ülviyyə məktəbə getmir və təhsil ala bilmir.

"Sağlamlığını bərpa etmək üçün Ülviyyənin gözləri əməliyyat olunmalıdır. Bunu bizə Türkiyədəki tibb mərkəzlərinin birində dedilər və əməliyyatdan sonra gözlərinin görəcəyinə zəmanət verdilər. Əməliyyat üçün kifayət qədər maddi imkanımız yox idi və lazım olan vəsaiti toplaya bilmirdik. Elə gün olmayıb ki, mən ağlamayım, Ülviyyənin gözlərinin yenidən görməsi üçün Allaha dua etməyim. Kömək məqsədi ilə bir çox yerlərə müraciət etmişdim və ümidimi itirmirdim. Çox tez bir zamanda həyat yoldaşıma zəng gəldi. Muğanbank tərəfindən qızımın əməliyyatı üçün lazımi vəsaitin veriləcəyini bildirdilər. Sevincimin həddi-hüdudu yox idi. Muğanbankın bir çox insanlara köməklik göstərməyi barəsində eşitmişdik və xeyriyyəçi işlər gördüyünü bilirdik. Ülviyyənin yenidən görməsinə ümidimiz daha da artdı və əməliyyat üçün mümkün qədər tez bir vaxtda Türkiyəyə yola düşəcəyik. Muğanbanka dərin minnətdarlığımızı bildirir, köməklik göstərdiyi bütün insanlar adından ona təşəkkür edirik", - deyə Sevinc xanım banka minnətdarlığını çatdırdı.