Azərbaycanın milli neft-qaz sənayesi tarixində daha bir ilk

Azərbaycanın milli neft-qaz sənayesi tarixində daha bir ilk | alkredit.az

SOCAR-AQŞ  ‘’Bulla’’ yatağında qazma işlərinə başlayır

Azərbaycan milli neft-qaz sənayesi  tarixində ilk dəfə olaraq 3000 at gücündə qazma qurğusu dəstindən istifadə ediləcək.

Məlumat üçün bildiririk ki, bu gün, 2 may tarixində SOCAR-ın Prezidenti cənab Rövnəq Abdullayevin başçılığı ilə geniş tərkibli nümayəndə heyəti  ‘’Bulla‘’yatağında yeni inşa edilmiş 6 saylı dərin dəniz stasionar özülünün  (DDSÖ) istismara verilməsi mərasimində  iştirak etmişdir. 6 saylı özüldə həyata keçirilən işlərlə tanışlıq zamanı SOCAR prezidentinə qazma meydançasında quraşdırılan yeni  qazma qurğusu – Drillmec 3000 HP-ninəsas texniki göstəriciləri və fərqli xüsusiyyətləri barəsində ətraflı məlumat verilmişdir.

SOCAR-AQŞ  özüldə  yeni nəsil qazma qurğusu Drillmec 3000 HP-dən istifadə edərək quyu tikintisi işlərinə başlayacaqdır.Yeni özüldə 4 qaz quyusunun qazılması nəzərdə tutulmuşdur. Özüldə qazılacaq quyular  yüksək təzyiqli və normal temperaturlu xususiyyətlərə malik olduğundan müəssisə xüsusi qazma metodlarından istifadə etməklə quyu tikintisini həyata keçirməyi planlaşdırır.

Qeyd edtmək lazımdır ki, Drillmec 3000 a/g Azərbaycan milli qazma sənayesində analoqu olmayan yeni nəsil qazma avadanlığı olmaqla bir sıra üstünlüklərə malikdir. 3000 at gücünə malik qazma qurğusunun istifadəsi nəticəsində ümumi  çəkisi  525 ton olan13.5/8” qoruyucu kəmərin quyuya birdəfəyə endirilməsinə imkan yaranacaq. Atqıya qarşı preventorlar bloku 1000 Atm. təzyiqə hesablanmış və kor-kəsici sıxac ilə təchiz edilmişdir.

Qazma qurğusunda tətbiq olunan  atqıya qarşı kürəli siyirtməisə (İBOP) 1000 Atm. təzyiq ilə işləməyə hesablanıb və uzaqdan idarə olunur.

Bununla yanaşı, qüllənin quyu üzərinə sürüşdürülmə sistemi tam avtomatlaşdırılımış qaydada işləyir. Kabelin, məhlulun geri axını və yüksək təzyiqli boru xətlərinin montaj və demontaj olunmasına ehtiyac yaranmır.

Qazma nasosunun oymaqları, yarımoxlarıvə qapaqların dəyişdirilməsi üçün xüsusi alət ilə təchiz olunmuşdur. Bu  isə öz növbəsində tez işlənən ehtiyat hissələrinin qısa zamanda dəyişdirilməsinə imkan yaratmaqla yanaşı boşdayanmaların vaxtını da xeyli azaldır.

Qazma meydançasında quraşdırılan məhlul çənlərinin maraqlı xüsusiyyətlərindən biri də avtomatik doldurma sisteminə malik olması və məhlulun transfer olunması sistemi ilə təchiz olunmasıdır. Bu sistemlərin tətbiqi ətraf mühiti çirklənmədən qoruyur  və qazma məhlulunun hazırlanma prosesini sürətləndirir.

SOCAR Prezidenti cənab Rövnəq Abdullayev qazma meydançasında həyata keçirilən işlərdən məmnunluğunu ifadə edərək, SOCAR-AQŞ rəhbərliyinə işlərində yeni uğurlar arzu etmişdir.

SOCAR-AQŞ MMC-nin Baş direktoru Ramin İsayev çıxış edərək bildirib ki, SOCAR-AQŞ  respublikamız üçün böyük əhəmiyyət kəsb edən neft-qaz yataqlarında müasir texnika və texnologiyalardan istifadə etməklə qazma işlərini Sağlamlıq, Texniki Təhlükəsizlik və Ətraf Mühitin Mühafizəsi (STTƏMM) tələblərinə uyğun, heç bir mürəkkəbləşməyə yol vermədən, nəzərdə tutulan vaxtdan tez və iqtisadi səmərəli şəkildə yekunlaşdıraraq sifarişçiyə təhvil verəcəyinə əmindir.

Baş direktor həmçinin qeyd edib ki, SOCAR-AQŞ kollektivi, Prezident cənab İlham Əliyevin müəyyən etdiyi siyasət və strategiyanın həyata keçirilməsində və SOCAR rəhbərliyinin qarşıya qoyduğu konkret vəzifələrin icrasındakı öz kiçik töhfəsi ilə qürur duyur və bu şərəfli fəaliyyətini bundan sonra da davam etdirmək əzmindədir.

Daha sonracənab Rövnəq Abdullayev yataqda qazılacaq ilk istismar quyusunda qazma qurğusu- Drillmec 3000 HP-ni işə salan düyməni basaraq yeni özüldə qazmaya başlanmasına start verib.

SOCAR Prezidenti neftçilər qarşısında çıxış edərək bildirib ki, yeni özülün ərsəyə gəlməsində komanda işinin düzgün qurulması böyük rol oynayıb. Yeni özülün əhəmiyyətini vurğulayan  cənab R. Abdullayev iş sahələri ilə tanışlıqdan sonra müvafiq strukturlara konkret tapşırıqlar verib.