Azərbaycanın nəhəng bankı dollar əməliyyatlarını dayandırdı - YENİLƏNDİ

Azərbaycanın nəhəng bankı dollar əməliyyatlarını dayandırdı - YENİLƏNDİ | alkredit.az

Xəbər yenilənib.

Məlumat üçün nəzərinizə çatdırmaq istərdik ki, Kapital Bankın filial və şöbələrində bütün valyuta mübadilə əməliyyatları üzrə xidmətlər davam edir. Azərbaycan Respublikası Mərkəzi Bankının  müəyyən etdiyi qaydalara uyğun olaraq 500 ABŞ dollarından yuxarı bütün valyuta mübadilə əməliyyatları yalnız şəxsiyyət vəsiqəsi ilə aparılır.

Ötən gün məlumat verilmişdir ki, Azərbaycanın ən böyük xidmət şəbəkəsinə malik olan bankı – “Kapital Bank” bütün dollar əməliyyatlarını dayandırıb. Müştərilər gün ərzində dollarla olan pul baratlarını ala bilməyib. Bankda dollar alqı-satqısı aparılmayıb, bankda dollar hesabı olan müştərilərin plastik kartlarından istifadəsi məhdudlaşdırılıb.

Dollar əməliyyatlarının dayandırıldığını “Kapital Bank”ın özü də təsdiqləyib. Bankın Facebook sosial şəbəkəsindəki rəsmi səhifəsində müştərilər üzləşdikləri problemlə bağlı izahat istəyiblər. “Kapital Bank” nümayəndəsi isə onlara belə cavab verib ki, bankda dollar əməliyyatları dayandırılıb. Lakin bunun səbəbi açıqlanmayıb. “Sadəcə deyə bilərik ki satış dayandırılıb”, – bank nümayəndəsi yazıb.

Lakin hazırda bankdan verilən məlumata əsasən Kapital Bankın filial və şöbələrində bütün valyuta mübadilə əməliyyatları üzrə xidmətlər davam edir.

Bütün bank xidmətləri, o cümlədən, kart əməliyyatları, təcili pulköçürmə əməliyyatları əvvəlki qaydada həyata keçirilir. Pul köçürmə sistemləri vasitəsilə xarici valyutada daxil olan vəsaitləri müştərilər Bankın istənilən filialından qəbul edə bilərlər. Qeyd etmək istərdik ki, bank hesablarının sahiblərinə kart əməliyyatlarının aparılmasında heç bir məhdudiyyət qoyulmamışdır.

Müştərilərin rahatlığını təmin etmək məqsədilə təcili pul köçürmə sahəsində daha bir yenilik tətbiq olunacaq. Tezliklə “Xəzri” beynəlxalq sürətli pul köçürmə sistemi ilə göndərilən vəsaitləri günün 24 saatı, həftənin 7 günü fəaliyyət göstərən Kapital Bank bankomatlarından da çıxarmaq mümkün olacaq.

musavat.com