Azərbaycan Hava Yolları Milli Paralimpiya Komitəsi ilə əməkdaşlıq sazişi imzaladı

Azərbaycan Hava Yolları Milli Paralimpiya Komitəsi ilə əməkdaşlıq sazişi imzaladı | alkredit.az

Milli aviadaşıyıcı "Azərbaycan Hava Yolları" (AZAL) və Azərbaycan Milli Paralimpiya Komitəsi (ARMPK) əməkdaşlıq haqqında saziş imzalamışdır.

"Azərbaycan Hava Yolları" QSC-nin və Azərbaycan Milli Paralimpiya Komitəsinin mətbuat xidmətindən Day.Az-a verilən məlumata görə, əməkdaşlıq "Azərbaycan Hava Yolları"-nın uçuşlar həyata keçirdiyi istiqamətlər üzrə beynəlxalq idman çempionatları və dünya kuboklarına idmançıların transferi, idman avadanlıqlarının daşınmasının əlavə rüsumlardan azad edilməsi, həmçinin əhali arasında paralimpiya idmanının təşviqi üzrə birgə tədbirlərin keçirilməsini nəzərdə tutur.

Əməkdaşlıq çərçivəsində AZAL sentyabr 7-dən 18-dək Braziliyanın Rio de Janeyro şəhərində keçiriləcək 2016 Yay Paralimpiya Oyunlarına idmançıların uçuşlarını təşkil edəcək.

2016 Paralimpiya Oyunlarının mükafatçılarına AZAL-ın istənilən istiqamətlərinə bir il müddətinə etibarlı olan pulsuz biletlər təqdim olunacaq.

"Paralimpiya oyunları ölkəmizdə idmanın inkişafında vacib və ictimai əhəmiyyətli hadisədir. İdmançılarımıza dəstək olmaq bizim üçün böyük şərəfdir", - deyə AZAL QSC-nin vitse-prezidenti Eldar Hacıyev bildirmişdir.

ARMPK-nin vitse-prezidenti Şaiq Həmidov qeyd etmişdir: "Paralimpiya oyunları fiziki imkanları məhdud idmançılar üçün ən mötəbər yarışlardan biridir. Bu oyunlara seçimlər təkcə milli yox, həm də beynəlxalq yarışlar çərçivəsində keçirilir. "Azərbaycan Hava Yolları"-nın dəstəyi ölkəmizdə paralimpiya idmanının inkişafına böyük töhfə verəcəkdir.

Paralimpiya oyunları fiziki imkanları məhdud insanlar üçün beynəlxalq idman yarışlarıdır. Ənənəvi olaraq yarışlar Olimpiya oyunlarından sonra keçirilir. Yay paralimpiya oyunları 1960-cı ildən, qış paralimpiya oyunları isə 1976-cı ildən etibarən keçirilir.

Azərbaycan Milli Paralimpiya Komitəsi 1996-cı il fevralın 9-da yaradılmışdır. Komitə 19 paralimpiya idmanı növündən 12-ni inkişaf etdirir. Tokioda keçiriləcək 2020 Paralimpiadasına kimi bu idman növlərinə daha 2-si əlavə ediləcək.

mənbə:marja