“Azərbaycan Kredit Bürosu” Toplu Sorğu Xidmətini istifadəyə verəcək

Bu barədə şirkətin direktoru Elçin Həbibov Bakıda keçirilən “Mikromaliyyə Yol Kəsişməsində: Rəqəmsal Erada Dayanıqlı İnkişaf” mövzusunda 6-cı İnvestorlar Yarmarkası çərçivəsində təşkil olunmuş “Rəqəmsal Erada Risklərin İdarə Olunması Perspektivləri” mövzusunda plenar sessiyada məlumat verib.

Onun sözlərinə görə, yeni xidmət kredit təşkilatlarına eyni vaxtda 5-10 min sorğunu Büroya ünvanlamağa imkan verəcək.

E.Həbibov onu da deyib ki, rəhbərlik etdiyi qurumun bütün xidmətləri tam rəqəmsallaşdırılıb.

“Bu ilin ilk 8 ayında AKB-yə təxminən 1,9 milyon skorinq sorğusu daxil olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 61,5% çoxdur”, - deyə direktor əlavə edib.

Xatırladaq ki, AKB ötən il yanvarın 15-də yaradılıb. Onun nizamnamə kapitalı 2 milyon manatdır. Büronun səhmdarları hər biri 12,5% payla 8 bank - “Azərbaycan Beynəlxalq Bankı, “Bank Respublika”, “Xalq Bank”, “Kapital Bank”, “PAŞA Bank”, “Rabitəbank”, “Unibank” və “Ziraat Bank (Azerbaijan)” ASC-lərdir.