Azərbaycan Sənaye Bankından fırıldaq açıqlaması

Azərbaycan Sənaye Bankından fırıldaq açıqlaması | alkredit.az

“Azərbaycan Sənaye Bank” ASC haqqında 14-15 Oktyabr 2015 tarixlərində dərc edilmiş “Azərbaycanda görünməmiş bank fırıldağı” başlıqlı xəbər ilə bağlı açıqlama yayıb.

Bank bildirir ki, "xəbərdə qeyd olunan məlumatlar və xüsusatlarla razılaşmırıq və düzgün olmadığına görə təkzib edirik. Məsələnin əsl mahiyyətinə gəlincə isə aşağıdakıları bildirməyi vacib sayırıq":

-2011-2012-ci illər ərzində bankımızın “Gəncə” filialında zərgər kimi mülki müqavilə əsasında xidmət göstərən İlqar Əliyev öz tanışları və dostları Nəriman Bayramov, Talıb Həsənov, Şahin Ələkbərov, Elfaq Abbasov, Sərxan Hüseynov ilə əlbir olaraq saxta qızıl-zinyət əşyalarını banka girov qoymaqla, habelə həqiqi qızıl-zinyət əşyalarının da əyarını və dəyərini süni formada şişirtməklə külli miqdarda kredit ayrılmasına nail olmuş və aldıqları kreditləri qaytarmamışlar. Hadisə ilə bağlı bank tərəfindən dərhal hüquq-mühafizə orqanlarına müraciət edilmiş və bununla bağlı olaraq cinayət işi başlanılaraq adıçəkilən şəxslər məsuliyyətə cəlb olunmaqla həbs edilmişlər.

"HEÇ BİRİ BANKIN İŞÇİLƏRİ OLMAYIBLAR"

Qəti şəkildə bildiririk ki, qeyd edilən şəxslərin heç biri bankın işçiləri olmayıblar, onların əməlləri nəticəsində banka külli miqdarda zərər dəymiş və bank cinayət işində zərərçəkmiş kimi tanınmışdır. Bu səbəbdən onların bankın işçiləri olmasına dair yayılan xəbərlər həqiqəti əks etdirmir və yanlışdır. Qeyd edilən şəxslərlə bağlı cinayət işi üzrə məhkəmə prosesi davam edir. Bankımızın işçiləri hər zaman düzgün və şəffaf fəaliyyətləri ilə seçiliblər, bankın və müştərilərin mənafeyini həmişə üstün tutublar. Təbii ki, buna görə də yuxarıda adıçəkilən şəxslərin bankın işçisi olduqlarına dair yayılmış xəbərlər bankla yanaşı kollektivin də təəccübünə və etirazına səbəb olmuşdur.

"SAMİR SEYİDOVUN ƏLİ OLMADIĞI MÜƏYYƏN EDİLİB"

Xəbərdə adıçəkilən Samir Seyidova gəlincə bildirmək istəyirik ki, o, həqiqətən də hadisələrin baş verdiyi  ərəfədə bankın Gəncə filialının müdiri vəzifəsində işləmişdir. Yuxarıda qeyd olunan hadisələrlə əlaqədar olaraq istintaq orqanı tərəfindən ona vəzifələrinin icrası zamanı yol verdiyi səhlənkarlıqlara görə ittiham elan edilmişdir. İş materiallarına əsasən onun, digər adıçəkilən şəxslərlə əlbir olmadığı və banka qarşı fırıldaqda iştirak etmədiyi müəyyən olunmuşdur. Qeyd etdiyimiz bütün hallar məhkəmə qərarları ilə təsbit olunmuşdur.

Qeyd edilənləri nəzərə alaraq birbaşa dəqiqləşdirmələr aparılmadan və mövqeyimiz öyrənilmədən bank barəsində məlumatların verilməməsini Kütləvi İnformasiya Vasitələrindən xahiş edirik.

 

 

mənbə:marja