Azərbaycanda əmlakın qeydiyyatında vacib YENİLİK

Azərbaycanda əmlakın qeydiyyatında vacib YENİLİK | alkredit.az

Azərbaycanda əmlakın qeydiyyatında vacib YENİLİK

Bundan sonra daşınmaz əmlakların yeni sahiblərinin adına rəsmiləşdirilməsi avtomatik həyata keçiriləcək.

Yeni xidmət notariuslarda bağlanan əmlak alqı-satqı müqavilələrinin onlayn rejimdə birbaşa olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə (DƏDRX) göndərilməsini nəzərdə tutur.

“Daşınmaz əmlakın təkrar qeydiyyatında yeni onlayn xidmət” nəticəsində alqı-satqı müqavilələri notariusdan onlayn formada birbaşa DƏDRX-ə göndərildiyinə görə, vətəndaşların sənədləşmə üçün yenidən ərazi qeydiyyat idarəsinə gəlməsinə ehtiyac qalmayıb. Yəni, alqı-satqıdan sonra vətəndaşların müqaviləni DƏDRX-ə aparmasına ehtiyac qalmayacaq. İndi əmlakın yeni sahibi qeydiyyat idarəsinə cəmi 1 dəfə – öz adına olan çıxarışı – “kupça”nı götürməyə gedəcək.

Bu, yalnız əmlakın alqı-satqısına deyil, vərəsəlik, bağışlanma və digər hallara da aiddir. Notariat kontorlarında daşınmaz əmlakın alqı-satqısı, vərəsəlik, bağışlanma və s. əməliyyatlar zamanı bağlanan müqavilə notariusdan birbaşa DƏDRX-in ərazi idarəsinə göndəriləcək və əmlak avtomatik olaraq öz yeni sahibinin adına qeydiyyatdan keçəcək.

Əvvəllər alqı-satqı prosesi üçün vətəndaşlar 5 mərhələdən keçməli olurdular. Son illər atılan addımlar nəticəsində isə bu prosedurların sayı 2-yə enib. İndi alqı-satqı müqaviləsi ərazi idarəsinə birbaşa göndəriləcək. Nəticədə əmlak alqı-satqı prosesi üçün cəmi 2 addım kifayətdir: 1) notariusda alğı-satqı müqaviləsinin imzalanması, 2) əmlakın yeni sahibinin adına olan çıxarışın götürülməsi”.

Yeni onlayn xidmətdən istifadə zamanı dövlət rüsumu və xidmət haqqını da onlayn qaydada ödəmək mümkündür. Ümumiyyətlə, ödənişləri bank, elektron hökumət portalı, ödəniş terminalları vasitəsilə aparmaq olar. Alqı-satqı zamanı isə ərizəçi birbaşa notariat kontorunda quraşdırılmış onlayn ödəniş terminallarında ödənişlər edə bilir. Yəni ödəniş etmək üçün əlavə yerə getməyə ehtiyac qalmır.

Alqı-satqı müqavilələrinin avtomatik olaraq qeydiyyat idarəsinə göndərilməsi əmlak bazarında mövcud olan problemin həllinə səbəb olacaq. Belə ki, bəzi hallarda alqı-satqıdan sonra əmlakın yeni sahibi əmlakı öz adına rəsmiləşdirməyə tələsmirdi. Nəticədə həmin əmlak faktiki olaraq dövriyədən kənarda qalır.Onunla əməliyyatların aparılması, o cümlədən vərəsəliyə ötürülməsi çətinləşirdi. Yeni xidmətlə qeydiyyatın avtomatik həyata keçirilməsi belə halların qarşısını almağa da imkan yaradacaq.

mənbə:valyuta.az