Azərbaycanda 4,7 milyon dollarlıq birja sistemi işə salınır

Azərbaycanda 4,7 milyon dollarlıq birja sistemi işə salınır | alkredit.az

Azərbaycanın qiymətli kağızlar bazarında Vahid Ticarət, Ticarətsonrası və Nəzarət Sisteminin açılışı keçirilir.

Sistem Koreya Birjasından Dünya Bankının və SECO-nun qrantı hesabına alınıb. Sistemin satın alınması üçün Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən Cənubi Koreya Fond Birjasına 4,7 milyon dollar ödənilib.

Bakı Fond Birjasında keçiriləcək açılış mərasimində Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin Sədri Rüfət Aslanlı, Cənubi Koreya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Kim Çanq-gyu, Koreya Birjasının Daimi Nəzarət Müfəttişi Yanq Sanq Kvon, Dünya Bankının Cənubi Qafqazda Maliyyə və Özəl Sektor üzrə ölkə əlaqələndiricisi Anjela Prigojina, İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin (SECO) nümayəndəsi Elxan Mikayılov iştirak edəcəklər. Hazırda davam edən çıxışlardan sonra sistem rəsmən işə salınacaq.

Qeyd edək ki, “Kapital Bazarlarının Müasirləşdirilməsi” layihəsi çərçivəsində “Kapital Bazarı İnfrastrukturunun Müasirləşdirilməsi və Avtomatlaşdırılması” komponenti üzrə əldə edilmiş Vahid Ticarət, Ticarətsonrası və Nəzarət Sistemi üzrə ötən ilin dekabr ayında sınaq işlərinə başlanılmış və Koreya Birjasının əməkdaşları tərəfindən sistemlər üzər yerli mütəxəssislərə istifadəçi təlimləri keçirilmişdir.

Açılışdan əvvəl keçirilmiş tədbirdə QKDK-nın aparat rəhbəri Bəxtiyar Əzizov bildirib ki, yeni sistem birjada əməliyyatları sadələşdirəcək, iştirakçılar arasında əlaqəni asanlaşdıracaqdır.

"Yeni sistemin interfeysi, funksiyaları əvvəlkindən fərqlənir. Daha təhlükəsiz olan sistemdə əməliyyatlar real vaxt rejimində aparılacaqdır. Birjanın yeni sistemi fond bazarının inkişafına təkan verəcəkdir. İnvestisiya şirkətləri müştəriləri üçün əməliyyat platforması yarada biləcəklər", - Bəxtiyar Əzizov deyib.

Sistem 3 moduldan ibarətdir. Ticarət Bakı Fond Birjasının rəhbərliyi altında, ticarətdən sonra hesablaşmalar və kilirinq Milli Depozit Mərkəzi tərəfindən həyata keçirilir. Üçüncü modul, nəzarət üçün  Komitəyə həvalə olunacaq. Sistem vahid mərkəzdən idarə olunacaq.

mənbə:marja