Azərbaycanda «ASAN HƏYAT» başlayır – YENİLİK

Azərbaycanda «ASAN HƏYAT» başlayır – YENİLİK | alkredit.az

Bu il Azərbaycan təcrübəsində ilk dəfə olaraq bütöv «ASAN HƏYAT» kompleksi fəaliyyətə başlayacaq. Bu barədə fins.az-a «ASAN xidmət»dən bildirilib. Qurumun şöbə müdiri Anar Hüseynov bildirib ki, ilk «ASAN HƏYAT» kompleksi Masallı rayonunda fəaliyyətə başlayacaq.

Kompleksdə «ASAN xidmət» mərkəzi ilə yanaşı, könüllülər mərkəzi, idman-istirahət zonası, 3D kinoteatr, rəsm emalatxanaları, iaşə obyektlərinin istifadəyə verilməsi də nəzərdə tutulur. Bundan başqa, «ASAN HƏYAT»da ailə biznesi qurmaq istəyənlər üçün layihələrin hazırlanmasına kömək göstərəcək biznes mərkəzi də fəaliyyət göstərəcək.

Şöbə müdirinin sözlərinə görə, tikintisinə ötən ildən başlanılan «ASAN HƏYAT» kompleksinin bu ilin iyul ayına kimi istifadə verilməsi planlaşdırılır. Kompleksə daxil olan «ASAN xidmət»” mərkəzində mərkəzində 200 nəfər çalışacaq ki, onların da əksəriyyətini yerli sakinlər təşkil edəcək. Bununla yanaşı, mərkəzdə 100-ə yaxın gəncin könüllü kimi işə cəlb edilməsi nəzərdə tutulur.

Kompleks Masallı rayonu ilə yanaşı, Biləsuvar, Neftçala, Cəlilabad, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarının 1 milyondan artıq sakininə xidmət göstərəcək.