Azərbaycanda birjada ticarət aparmaq asanlaşacaq

Azərbaycanda birjada ticarət aparmaq asanlaşacaq | alkredit.az

Gələn ildən Azərbaycanda istənilən şəxs onlayn şəkildə Bakı Fond Birjasının sisteminə qoşularaq ticarət əməliyyatı apara biləcəkdir.

“Texnika Kapital Menecment”in direktoru Cəfər İbrahimov  “Marja”ya bildirib ki,  artıq qiymətli kağızlar bazarında elektron və məsafəli xidmətlər göstərməyə üstünlük verilir:

“İndi broker şirkətinin ofisinin ünvanı çox əhəmiyyətli deyil. Bu gün Azərbaycan qanunvericiliyinə əsasən, müştərilər Elektron İmza vasitəsilə bizə müraciət edirlər. Biz Elektron İmza vasitəsilə qəbul etdiyimiz sifarişi dərhal Bakı Fond Birjasının sisteminə daxil edirik. Əməliyyat 5 dəqiqədə reallaşır. Sonrakı mərhələdə, yeni “Qiymətli kağızlar bazarı haqqında” qanun tam tətbiq olunduqdan sonra, artıq investisiya şirkətləri (brokerlər) öz platformalarını yaradacaqlar. Müştərilər özləri həmin platformalar vasitəsilə bibaşa birja ticarət sisteminə qoşulacaqlar. Yəni, müştəri özü sistemə daxil olub, onlayn qaydada əməliyyat apara biləcəkdir. O, istədiyi qiymətli kağızı alıb sata biləcəkdir. Amma bugünkü qanunvericilik, Bakı Fond Birjasında yalnız broker şirkətlərinə əməliyyat aparmağa imkan verir, müştərilər bunu birbaşa edə bilməzlər. Hazırda bu məqsədlə Bakı Fond Birjası da özünün yeni platformasını hazırlayır”.

 

 

mənbə:marja