Ən yüksək gəliri götürə biləcəyiniz Manat əmanəti şərtləri - Siyahı

Ən yüksək gəliri götürə biləcəyiniz Manat əmanəti şərtləri - Siyahı | alkredit.az

Devalvasiyadan sonra Manat əmanətlərinə maraq xeyli aşağıdır. Amma nəzərə alınsa ki, növbəti devalvasiya riski səngiyib, bu halda, bəzi bankların təklifləri dəyərləndirilə bilər.

Azərbaycanın əksər bankları Manata maksimum 12% gəlir təklif edirlər, lakin Bank BTB, Kapital Bank, Dəmir Bank, Expressbank,  Bank of Baku, Unibank, Yapı Kredi Bank Azərbaycan , Amrahbank, AccessBank və Rabitəbankın əmanət faizləri daha yüksək olması ilə fərqlənir.

1 İLƏ 16% QAZANMAQ İMKANI

Bank BTB-nin “Proqressiv” əmanət məhsulunun şərtlərinə görə, Manatda vəsait Banka 12 ay müddətində və faizin müddətin sonunda götürülməsi şərti ilə yerləşdirdikdə illik faiz dərəcəsi 16% təşkil edir. Faizlər aylıq götürüldükdə isə 14% təklif olunur.  Bu faiz dərəcəsi ilə yerləşdirilən əmanət Əmanətlərin Sığortalanması Fondu tərəfindən sığotalanmır. Əmanətin faiz dərəcəsi sığortalanan əmanətlərin faiz dərəcəsindən çox olarsa, bu zaman müştərinin istəyi əsasında əmanət üzrə faiz dərəcəsi azaldılaraq həmin tarixdə qüvvədə olan sığortalanan əmanətlərin faizinə uyğun təyin edilə və əmanət yerləşdirilə bilər.

DƏMİR BANK 36 AYA 16% VERİR

Dəmir Bank da Manata yüksək faiz verir. Bankın “Göy” əmanətinin şərtlərinə görə, illik gəlirlilik, vəsait 12 müddətinə yerləşdirildikdə 14%, 24 ayda 15%, 36 ay müddətinə yerləşdirildikdə isə 16% təşkil edir.

İRİ BANK DA DA FAİZLƏR “İRİDİR”

Kapital Bankın “Kapital depoziti” adlı məhsulunda illik faiz dərəcəsi  12 ay üçün 13%, 24 ay üçün 14%, 36 ay üşün 15% təşkil edir. Bir şərtlə ki, faizlərin müddətin sonunda ödənilir. Əgər faizlərin aylıq ödənilməsini istəyirsinizsə, bu halda bank sizə müddətində asılı olaraq 13,5%-ə qədər ödəyə bilər.

BAZARDA ƏN YÜKSƏK FAİZ: 22% QAZANMAQ İMKANI

“Expressbank”ın “Mükafat əmanəti” diqqəti cəlb edir. Bu əmanət üzrə illik faiz dərəcəsi 7% təşkil edir, üstəlik mükafatı da var. Belə ki, əmanət, faizlərin müddətin sonunda ödənilməsi şərti ilə yerləşdirildikdə, 7%-in üzərinə müddətdən asılı olaraq  1- 15% əlavə edilir. Məsələn, əmanət 12 aylıq müddətə yerləşdirildikdə əmanətçinin illik gəliri 8% (7%+1% mükafat), 36 ayda 16% (7%+ 9% mükafat), 48 ayda 19% (7%= 12% mükafat), 6  ay müddətinə yerləşdirildikdə isə 22% (7%+15% mükafat) təşkil edir.

BANK OF BAKU DA BONUS HƏDİYYƏ EDİR

Bank of Baku  da əmanət faizlərini yeniləyib. 29 fevral tarixinə qədər Bankda “Dinamik” əmanət hesabı açdıran müştərilər bank tərəfindən müəyyən olunmuş illik faiz dərəcələrindən əlavə gəlir əldə edə biləcəklər. Əgər faizlər müddətin sonunda ödənilirsə, 12-24 ay üçün  illik faiz dərəcəsi 12% təşkil edir və əlavə olaraq əmanətçiyə 1% bonus verilir (cəmi 13%). Üstəlik, kampaniya çərçivəsində əmanətçilər yerləşdirdikləri əmanətə bağlı nağd pul krediti üçün də Banka müraciət etmələrinə imkan yaradılır.

Amrahbankın da “Lider əmanəti” sərfəli görünür. Bu əmanət məhsulu üzrə əhalidən cəlb edilən Manat vəsaitlərinə, əmanət 36 aya müddətinə yerləşdirildikdə və faizlər müddətin sonunda tələb edildikdə 15% verilir. 12 ay müddəti üçün faiz dərəcəsi isə 13%-dir.

Unibank 1 illik müddətinə yerləşdirilən Manat əmanəti üçün 12.5%, 18 ay müddətinə yerləşdirilən əmanət üçün isə 13% gəlir təklif edir.

TÜRKİYƏ BANKININ DA TƏKLİFİ SƏRFƏLİDİR

Yapı Kredit Bank Azərbaycan “Standart qazanc əmanəti” məhsulu ilə 6 ay müddətinə yatırılan manat vəsaitinə illik 13%, 9-36 ay üçün 14% təklif edir.

TAM XARİCİ İNVESTİSİYALI BANKDA 13% GƏLİR VƏ ƏLAVƏ İMKANLAR

100% xarici investisiyalı bank olan “AccessBank” da əmanət yerləşdirənlərə bonus təklif edir.  “Yığım əmanəti” məhsulunun şərtlərinə görə, Banka 12-24 ay müddətinə manatda yerləşdirilən əmanətə 12% ( +1% bonus ) təklif olunur. Faizlərin ödənişi müddətin sonundadır. Əmanəti istənilən vaxt çıxarmaq imkanı verilir. Əmanət vaxtlı-vaxtında, yəni Müştərinin qabaqcadan seçdiyi artırma planına müvafiq surətdə artırıldıqda, faizlərdən əlavə bonus da toplanır.

Rabitəbank isə  “Kartmane” məhsulu ilə  12-24 ay müddətinə Manatda yerləşdirilən əmanətə 14% qazanc təklif edir. “Kartmane” məhsulu depozit şərtləri və kart imkanlarını özündə birləşdirir.

Nikoil Bank da Manata 14% təklif edir. Faizlər aylıq hesablandıqda əmanət faizi 13%, müddətin sonunda hesablandıqda isə 14% təşkil edir. Bank 36 ay müddətinə Manatda yerləşdirilən vəsaitə 14,5% təklif edir.

mənbə:marja