2 günlük alırsınız, 3-cü günü pulsuz qalırsınız

2 günlük alırsınız, 3-cü günü pulsuz qalırsınız | alkredit.az

Noyabrın 14-də “Park Bulvar” alış-veriş mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Azərbaycan Turizm Assosiasiyası (AZTA) tərəfindən üçüncü “Mövsüm Səyahət Yarmarkası” təşkil edilib.

Yarmarka daxili turizmin dəstəklənməsi və təbliğ etdirilməsi, respublikamızda fəaliyyət göstərən mehmanxana və turizm şirkətlərinin təklif etdiyi ölkədaxili, həmçinin Yeni il turu məhsullarının şəhərimizin sakinlərinə və qonaqlarına təqdim olunması məqsədilə keçirilir.

Tədbirdə AZTA-nın icraçı direktoru Aytən Əliyeva bildirib ki, artıq üçüncü dəfədir reallaşan yarmarkada ümumilikdə 25 şirkət iştirak edib. Onlardan 19-u turizm şirkətlərinin stendidir. Bunların arasında turizm sektorunda öz sözünü demiş şirkətlərlə yanaşı, bazara yeni çıxanlar da var. Turizm şirkətlərindən başqa yarmarkada mehmanxana və aviakompaniyaların stendləri də var ki, burada ziyarətçilərə müxtəlif xarici istiqamətlərə turizm paketləri və eləcə də ölkədaxili otellərdə Yeni il bayramı proqramı təklif olunur.

Qeyd edək ki, yarmarkada daxili və xarici turizm məhsulları insanlara təqdim olunub və hər bir turizm şirkətinin stendinin qarşısında həmin qurumu təmsil edən nümayəndələr xidmətləri haqqında məlumat verib. Bu məlumatlar yalnız şifahi şəkildə deyil, çap məhsulları – reklam materialları, bukletlər, kataloqlar vasitəsilə ziyarətçilərə çatdırılıb. Ziyarətçilər mükafatlı müsabiqələrdə iştirak etməklə iki nəfərlik ölkədaxili və xarici ölkələr üçün Yeni il turları, müxtəlif hədiyyələr əldə ediblər.

Etur.az

Bazarda yeniyik, 3 aydır ki fəaliyyət göstəririk. Həm incoming, yəni Azərbaycana gətiririk, həm də xaricə göndəririk. Tam spektr bütün xidmətlərimiz var. Bundan başqa MİCE (meeting insective conference excepition) xidməti də göstəririk. Hər hansı korporativ tədbirlər üçün şirkətlərə xidmələr təklif edirik.

Bizim onlayn portalımız da mövcuddur. Bu portala istər fərdi, istərsə də qrup olaraq qoşulmaq mümkündür. Fərdi müraciətlərə uyğun individual təkliflərimiz də olur. Onlayn olmağımızın əsas səbəbi budur ki, artıq müştərilər vaxt itirmədən ofisdə, evdə seçimlərdən faydalana bilərlər.

Biz birbaşa kontraktlarla işlədiyimizdən qiymət fərqləri də mövcuddur. Qiymətlərimiz daha ucuzdur. Məsələn, başqalarında 1000 AZN-ə olan qiymət, bizdə 850AZN-dir. Bizim xaricdəki otellərlə birbaşa əlaqələrimiz mövcuddur. Biz oradakı otellərə daha çox adam göndəririk. Aviabiletlərin qiyməti əsasən vaxta görə dəyişir. Mən də eyni təyyarəyə bilet alıram, başqaları da. Qiymət burada  əsasən otelə görə dəyişir. İşlədiyimiz otellər də təbii ki müxtəlif otellərdir, ulduz fərqləri də mövcuddur.

İmprotex Travel

İmprotex Travel şirkəti 1991-ci ildə yaranan ilk turizm şirkətidir. Bu illər ərzində güvənli şirkətlərdən birinə çevrilməyi bacarmışdır. Digər şirkətlərdən fərqimiz də məhz qazandığımız güvən və qiymətlə bağlıdır. Bundan başqa, bizdə bütün növ turizm növləri mövcuddur. İstər xaricdən qonaqların, istərsə də dövlət tədbirlərinin təşkilini həyata keçiririk. Başqa şirkətlərlə müqayisədə qiymətlərimiz 10-15% ucuzdur.

Alıcıların bizi seçmələri üçün təbii ki üstünlüklərimiz həm də ondan ibarətdir ki, hər hansı ölkədə bizim şirkətlə bağlı xırda bir problem yaşanarsa, bizim o problemi yerində həll etməyimiz 5-10 dəqiqə çəkir. Çünki orda nümayəndəliklərimiz var. Biz tur operatoruq. Ölkə daxilində bizim 27 ofisimiz var. Dünyanın istənilən ölkəsində nümayəndəliklərimiz mövcuddur.

Khazar Travel

Bizim yaxşı xidmətlərimiz mövcuddur. Dünyanın bir çox otelləri ilə kontraktlarımız var. Çox yaxşı xidmətlər təklif edən tərəfdaşlarımız mövcuddur. 7 gün 24 saat xidmət göstəririk. Qiymətlərimiz isə fərqlidir. Bir adam üçün həftəlik qiymət isə 300 evrodan başlayır.

Greenwich Travel Club

10 ildən çoxdur ki fəaliyyət göstəririk. Həm daxili turizm, yəni sərgilərin təşkilini həyata keçiririk, viza veririk xarici vətəndaşlara, həm də xarici turizmlə məşğul oluruq.

Yüksək səviyyədə xidmətlə seçilirik. Dünyadakı bütün tur operatorlarla işləyirik. Qiymətlərimiz isə sərfəlidir.

Pik Palace – Park Chalet

Lüks oteldə istirahət təklif edirik. Burda həm Yeni il, həm də bütün il üçün sərfəli paketlərimiz var. Park Chalet Şahdağda yerləşir, 5 ulduzlu oteldir. Pik Palace də lüks otellərimizdəndir. Otellərimizin qiymətləri 200 AZN-dən başlayır. Lakin bəzi paketlərimiz var ki, daha çox orta təbəqəyə ünvanlanıb: 2 günlük alırsınız, 3-cü gün pulsuz və ya 7 gün öncədən bron eləyirsiniz 20% endirim qazanırsınız. Həftə içi günlərdə 158 AZN-dən Pik Palace , 140 AZN-dən Park Chalet otellərində qala bilərsiniz. Bu qiymətlər bir günlük 2 nəfər üçündür, səhər yeməyi daxil, həmçinin pulsuz xizək avadanlığı da veririk.

ZD Travel şirkəti

AZAL-ın rəsmi distribütoruyuq və bizdə biletlər topdansatış olduğu üçün ucuz olur. Turizm şirkətləri biletləri birbaşa bizdən alır. Bizim xidmətlərə aviabiletlərin təşkili, viza dəstəyi, səyahət tur paketləri daxildir. Bizdən hər bilet alana bonus kartları təklif olunur. Tur paket alanda 20 xal, aviabilet alanda isə 5 xal artıq bonus kartda olur. Hər bilet aldıqca bonuslar yığılır ki, bu da sonunda turistlərə endirimlər bəxş edir. Bonus kartları bilet və ya tur paket alanda artıq turistə pulsuz şəkildə verilir. Bilet alanda bonus 5-6 AZN, tur paketdə isə bu 20 AZN kimi hesablanır.

Millennium Tourism and Congress DMC

10 ildən çox təcrübəyə sahibik. Turizmin bütün növləri üzrə xidmət göstəririk: sağlamlıq turizmi, xaricə turların təşkili və s. 24 saat xidmət spektrimiz var. Endirimlər təşkil edirik. Korporativ müştərilərimizə qiymətlər aşağıdır, fərdi müştərilərimiz üçün də kompaniyalar təşkil edirik. Ən çox Almaniya, Dubay, Kipr, İstanbul və digər ölkələrə turlar olur. Bizdə həmçinin təhsil turizmi var. Tələbələri müxtəlif kompaniyalarla yay məktəblərinə göndəririk.

Delta Lufthansa City Center

Bizim şirkətimiz Ukraynanın beynəlxalq aviaturizm şirkətidir. Biz Bakıdan Kievə birbaşa uçuşlar və Kievdən Avropanın müxtəlif ölkələrinə, Amerikaya, İsarilə tranzitlər təşkil edirik. Qiymətlərə gəldikdə Kievə gediş və ordan qayıtmaq 400 AZN-dən başlayır. Hazırda bizdə aksiya var, belə ki, şirkətimizin 23 illiyi ilə əlaqədar 23 % endirimimiz mövcuddur. Bu endirimlər Kiyevdən Ukraynanın şəhərlərinə və beynəlxaq tranzit xidmətlərinə aiddir.

Qiymətlərimiz seçimlərdən asılı olaraq müxtəlifdir. Hər zaman çalışırıq ki obyektiv qiymət təklif edək.

Mətanət Hüseynova, Marja.az