2015-də sığorta bazarı 3,2% artıb

2015-də sığorta bazarı 3,2% artıb | alkredit.az

2015-ci ilidə Azərbaycandakı 27 sığorta şirkətinin xətti ilə təxminən 442.9 milyon manat sığorta haqqı toplanıb. "Marja" xəbər verir ki, Azərbaycan Sığortaçılar Assosiasiyasının sədri Orxan Bayramovun keçirdiyi mətbuat konfransında verdiyi məlumatına görə, bu, 2014-cü illə müqayisədə 3,2 % çoxdur.

2015-ci il ərzində sığorta şirkətlərinin həyata keçirdiyi sığorta ödənişlərinin məbləği isə təxminən 180,2 milyon manat təşkil edib. Bu da 2014-cü ilə nisbətən 14,7 % çoxdur.

Hesabat dövründə sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqı müqabilində  40,7 manat ödəniş həyata keçirilib. Bu göstərici 2014-cü ildə 36,6  manat olub.

2015-ci ildə sığorta bazarının 26,3%-i və ya 116,5 milyon manatı həyat sığortasının payına düşüb.

Həyat sığortası bazarında yığım 11%, ödəniş 1,8 dəfə artıb

2015-ci ildə Azərbaycanda toplanmış sığorta haqlarının 26,3%-i və yaxud 116,5 milyon manatı həyat sığortasının payına düşüb. 2014-cü illə müqayisədə həyat sığortası bazarı 10,9% böyüyüb.

Həyat sığortasındakı yığımların 59,3%-i və yaxud 69 milyon manatı həyatın yaşam sığortasının, 26,3%-i və yaxud 30,7 milyon manatı istehsalatda bədbəxt hadisələrdən sığortanın, 13,1%-i və yaxud 15,3 milyon manatı həyatın ölüm halından sığortasının, 1%-i və yaxud 1,2 milyon manatı əmək qabiliyyətinin sığortasının, cəmi 0,3%-i və yaxud 326 min manatı isə sağalmaz xəstəliklərdən sığortanın payına düşüb.

İl ərzində həyat sığortası üzrə ödənişlərin məbləği isə 52,2 milyon manat təşkil edib. Bu da ümumi ödənişlərin 29%-ni təşkil etməklə, 2014-cü ilə nisbətən 1,8 dəfə çoxdur.

Həyat sığortasında ödənişlərin 91,7%-i və yaxud 47,9 milyon manatı həyatın yaşam sığortasının, 4,2%-i və yaxud 2,2 milyon manatı həyatın ölüm halından sığortasının, 4,1%-i və yaxud 2,1 milyon manatı istehsalatda bədbəxt hadisələrdən sığortanın, cəmi 14 min manatı isə sağalmaz xəstəliklərdən sığortanın payına düşüb.

Hesabat dövründə həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqı müqabilində 44,8 manat ödəniş edilib. 2014-cü ildə bu rəqəm 27,2 manat olub

Qeyri-həyat sığortası bazarında yığım 0,7% artıb, ödəniş 0,4% azalıb

2015-ci ildə Azərbaycanda toplanmış sığorta haqlarının 326,4 milyon manatı və ya 73,7%-i qeyri-həyat sığortasının payına düşüb. A 2014-cü illə müqayisədə qeyri-həyat sığortası bazarı 0,7% böyüyüb.

Qeyri-həyat sığortası üzrə yığımların 23,6%-i və ya 76,2 milyon manatı avtomobillərin icbari sığortasının, 22,3%-i və ya 72,9 milyon manatı tibbi sığortanın, 10,7%-i və ya 34,9 milyon manatı əmlakın yanğından və digər risklərdən sığortasının, 8,7%-i və ya 28,3 milyon manatı kasko sığortasının, 7,8%-i və ya 25,3 milyon manatı daşınmaz əmlakın icbari sığortasının, 26,9%-i və ya təxminən 89 milyon manatı isə digər qeyri-həyat sığortası növlərinin payına düşüb.

İl ərzində sığorta ödənişlərinin 71%-ni və ya 128 milyon manatını qeyri-həyat sığortası təşkil edib. Bu da 2014-cü ilə nisbətən 0,4% azdır.

Qeyri-həyat sığortası üzrə ödənişlərin 40%-i və ya 51,3 milyon manatı tibbi sığortanın, 26,1%-i və ya 33,4 milyon manatı avtomobillərin icbari sığortasının, 18,5%-i və ya 23,7 milyon manatı kasko sığortasının, qalan 14,4%-i və ya təxminən 19,6 milyon manatı isə digər qeyri-həyat sığortası növlərinin payına düşüb.

Hesabat dövründə qeyri-həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının 39,2 manatı ödəniş edilib. 2014-cü ildə isə bu rəqəm 39,7 manat olub.

Sığorta bazarının 63,4%-i könüllü formalaşıb.

2015-ci ildə Azərbaycanda toplanmış sığorta haqlarının 63,4%-i və ya 281 milyon manatı könüllü sığorta növlərinin payına düşüb. Bu, əvvəlki illə müqayisədə 1,3% azdır.

İcbarı sığorta növlərində yığım isə 161,9 milyon manat və ya bazarın 36,6%-ni təşkil edib. 2014-cü ilə nisbətən icbari sığorta bazarı 12,1% böyüyüb.

İl ərzində ümumi ödənişin 75,4%-i və ya 135,8 milyon manatı könüllü sığorta növlərinin payına düşüb. Könüllü sığortada ödəniş əvvəlki illə müqayisədə 18,4% artıb.

İcbari sığorta növləri üzrə ödəniş isə 44,4 milyon manat və ya ümumi bazarın 24,6%-ni təşkil edib. Bu, əvvəlki ilə nisbətən 4,8% çoxdur.

Hesabat dövründə könüllü sığortadan toplanmış hər 100 manat sığorta haqqının 48,3 manatı ödəniş edilib. 2014-cü ildə bu rəqəm 40,3 manat olub. İcbari sığortadan toplanmış hər 100 manat üzrə ödəniş isə 29,4 manatdan 27,4 manata düşüb.