70 müraciətdən 27-sinə sığorta hadisəsi statusu verib - Şəki zəlzələsi

70 müraciətdən 27-sinə sığorta hadisəsi statusu verib - Şəki zəlzələsi | alkredit.az

Fövqəladə Hallar Nazirliyi (FHN) ilə birlikdə yaradılan "AzSığorta" şirkətinin operativ qərargahı Şəki rayonunda baş verən zəlzələ nəticəsində daxil olan müraciətlərin ekspertizasını bitirib.

"AzSığorta"dan verilən məlumata görə, ekspertizalar operativ qruplar tərəfindən keçirilib. Hər qrup "AzSığorta"nın qəza eksperti, FHN-nin nümayəndəsi və müstəqil qiymətləndirmə şirkətinin mütəxəssisindən ibarət idi.

"Bu günədək 70 müraciət daxil olub ki, onlardan 27-si artıq sığorta hadisəsi statusunu alıb. 5 müraciətə isə hələ ki baxılır. Müraciətlərin qəbulu davam edir. İlkin ehtimallara baxmayaraq, zəlzələ ciddi fəsadlar törətməyib. Belə ki, sığortalılar tərəfindən iddia edilən orta zərər 3000 manat təşkil edir", - deyə məlumatda qeyd edilib.

Xatırladaq ki, sentyabrın 4-də Şəkidən 29 km aralıda 7 bal gücündə zəlzələ baş verib. Zəlzələ Mingəçevir, Yevlax, Gəncə, Göyçay və digər ətraf rayonlarda da hiss edilib.

Həmin gün "AzSığorta" şirkəti FHN-lə birlikdə zəlzələ nəticələri ilə iş üzrə operativ qərargah açıb.

Mənbə: APA