Azərbaycan şirkətindən avtomobillər üçün ağıllı cihaz

Azərbaycan şirkətindən avtomobillər üçün ağıllı cihaz | alkredit.az

Azərbaycanın “Sumaks” şirkəti “Avtomaks” cihazını təqdim edərək satışlarına başlayıb.

“Yarandığımız gündən əsas məqsədimiz Azərbaycanda rəqəmsal exosistemi inkişaf etdirməkdir”.

Bu sözləri “Avtomaks” cihazının təqdimat mərasimində Azercell-in Strateji Partnyorluq və Müştəri Kanalları departamentinin direktoru İmran Bağırov bildirib.

O qeyd edib ki, ağıllı telefonlar, CihazdanCihaza (M2M) və sürətli internet texnologiyalarının inkişafı bizim həyatımızın standartlarını dəyişib və bu proses daha da sürətli şəkildə irəli gedir. Bu cihazlar insanların bir biri ilə əlaqəsini təmin edən cihazdan daha çox insanın  gündəlik köməkçisinə çevrilib.

İmran Bağırov , “Biz artıq növbəti mərhələyə qədəm qoyuruq. Çünki bu gün yalnız kod səviyyəsində qalmayıb, əllə tutula bilən cihaz səviyyəsinə keçirik. Düzdür bundan əvvəl də müəyyən cihazlar olub. Amma bügünkü cihaz fərqlidir. Bunun əsas özəlliklərindən biri isə sturt-up-ların, gənclərin özlərinin hazırladığı bir cihaz olmasıdır. Bu layihənin ərsəyə gəlməsi üçün heç kim bizə milyonlar da verməyib. Bu, sırf gənclərin öz əziyyətləri və istəkləri əsasında mümkün olub”, - deyə əlavə edib.

Departament rəhbəri layihəyə başlamazdan əvvəl dünya təcrübəsini də nəzərdən keçirdiklərini, almanlarla, çinlilərlə görüşdüklərini də qeyd edib:

"Hətta çinlilər bizdən bunu etməmək qarşılığında özlərində olan bu tipli məhsulu 3 dəfə aşağı qiymətə verməyi belə təklif etdilər. Onların əsas strategiyası daxili bazarımızı öldürmək olsa da, biz iki dəfə baha olsa da, özümüz bunu hazırlamağa qərar verdik. Cənab prezident dünənki çıxışında da yerli məhsulların nə qədər önəmli olduğu bir daha vurğuladı. Başqa ölkələrin iqtisadiyyatına kömək etməkdənsə, özümüz yeni məhsullar hazırlaya bilərik”.

“Bir sturt-up-dan bir məhsula gedən yol” - biz başlanğıcımızı belə götürdük”, - deyən “Sumaks” şirkətinin direktoru Cavid Məmmədov yarandıqları gündən əsas hədəflərinin yerli texnoloji cihazlar istehsal etmək olduğunu bildirib:

“Yeni layihə Azərbaycan bazarında böyük rəqabət potensialına malikdir. Çünki Avtomaks - tam yerli məhsuldur və buna görə də qiyməti xaricdən gətirilən oxşar cihazlardan kifayət qədər fərqlənir. Bundan əlavə, Avtomaks daha çox funksiyaya malikdir.  Ümumilikdə, “Sumaks”ın  əsas fəaliyyət dairəsi ilk yerli təhlükəsizlik, komfort və idarəetmə sistemləri yaratmaqdan ibarətdir. Şirkət ilkin olaraq Ağıllı Ev texnologiyasını yaradıb. İndi isə avtomobillərin təhlükəsizliyi üçün nəzərdə tutulmuş Avtomaks cihazı ilə fəaliyyətini davam etdirir. “Sumaks” dünya təcrübəsində istifadə olunan yüksək texnologiyalardan yararlanmaqla Azərbaycana məxsus olan cihazların yerli istehsalını təşkil edir”.

C.Məmmədov həmçinin layihənin ərsəyə gəlməsində dəstək olan Bank BTB, İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu, Müdafiə Sənayesi Nazirliyinin Peyk Zavodu və “Azercell Telekom” MMC-yə dərin təşəkkürünü bildirib və hazırki şəraitdə ölkəmiz üçün olduqca mühüm olan qeyri-neft sektorunun, yerli istehsalın inkişafında “Sumaks”ın bundan sonra da  faydalı işlər görəcəyini vurğulayıb.

CİHAZ HAQQINDA

Azərbaycanda bir ilk olan “Avtomaks” cihazının  əsas məqsədi avtomobilin təhlükəsizliyini təmin etmək və ona nəzarəti həyata keçirməkdən ibarətdir. “Avtomaks” qurğusu  avtomobil və sürücu haqqında əsas məlumatları yaddaşda saxlayır. Bura maşının markası, buraxılış ili, texniki vəziyyəti, o cümlədən, sürücünün şəxsiyyəti haqqında zəruri bilgilər daxildir.

Avtomaks maşınla əlaqədar bir sıra informasiyaları mütəmadi olaraq sahibinə ötürür.  Bu zaman bütün sutka boyunca avtomobilin dayanma anını, getdiyi məsafəni, olduğu yerləri izləmək mümkündür. Proqram maşının sığortasının vaxtı bitdikdə, yağının dəyişmə zamanı çatdıqda müvafiq xəbərdarlıq edir.

Avtomaks Bakı sürücüləri üçün aktual olan digər məsələlərdə də köməyə gəlir. Belə ki, avtomobilin evakuator tərəfindən aparılması, yaxud oğurluq hallarında da sahibinə dərhal məlumat verilir. Avtomaks vasitəsilə hər gün maşının getdiyi yol, sürət həddinə nəzarəti, yanacaq sərfi, təyin olunmuş radiusa nəzarət etmək mümkündür.

Cihazın gələcəkdə nəzərdə tutlan daha təkmilləşmiş versiyasında avtomobilin oğurlanması və ya icazəsiz istifadəsi kimi hallarda mühərriyin sönülü vəziyyətində yenidən istifadəsinə qadağa qoyulması kimi parametrləri də işlənib hazırlanacaqdır.

mənbə:marja