Azərbaycan rekord həcmdə borc qaytaracaq

Azərbaycan rekord həcmdə borc qaytaracaq | alkredit.az

Dolların bahalaşması ilə əlaqədar olaraq Azərbaycanın borc yükü də artıb

2015-ci il 1 iyul tarixinə beynəlxalq maliyyə-bank qurumları və digər kredit təşkilatları ilə imzalanmış sazişlər əsasında istifadə olunmuş kreditlər üzrə Azərbaycan Respublikasının xarici dövlət borcunun ümumi məbləği 6,6 mlrd. ABŞ dolları ekvivalentində olmuşdur. Bu barədə “Marja”ya Maliyyə Nazirliyindən bildirilib.

İmzalanmış sazişlər üzrə istifadə edilmiş kreditlərə görə xarici dövlət borcu ÜDM-in 12,2 faizini təşkil etmiş, adambaşına düşən xarici dövlət borcu isə 686,5 ABŞ dolları olmuşdur.

Ölkəyə cəlb edilmiş kreditlərin 36,2 faizini sabit dərəcə ilə olan kreditlər, 63,8 faizini isə dəyişkən dərəcə ilə olan kreditlər təşkil etmişdir.

İmzalanmış müqavilələrə uyğun olaraq, xarici dövlət borcunun 7,0 faizi 10 ilədək olan müddətdə, 59,7 faizi 10 ildən 20 ilədək olan müddətdə, 33,3 faizi isə 20 ildən yuxarı olan müddətdə kreditorlara qaytarılmalıdır.

Dövlətin daxili və xarici borclarının idarə edilməsi, cəlb edilmiş kreditlər üzrə borc öhdəliklərinin vaxtında yerinə yetirilməsi istiqamətində aparılan məqsədyönlü iş 2016-cı ildə də davam etdirilməklə, kreditlərin əsasən kredit alan təşkilatların öz vəsaitləri hesabına ödənilməsi üçün tədbirlər görüləcəkdir.

2016-cı il dövlət büdcəsində dövlət borclarına xidmətlə bağlı xərclər (əsas borc və faizlər üzrə xərclər) üçün 1 milyard 249,7 mln. manat vəsait nəzərdə tutulmuşdur ki, bu da 2015-ci illə müqayisə 473,5 mln. manat və yaxud 61,0 faiz çoxdur.

“Əvvəlki illə müqayisədə həmin xərclərin artımı əsasən xarici valyutada ifadə olunmuş borc öhtəliklərinin manatın cari ildəki korreksiyasından sonra yenidən qiymətləndirilməsi, eyni zamanda, bir sıra layihələr üzrə faiz və əsas borcların ödəniş müddətlərinin növbəti ildə başa çatması  ilə bağlı olmuşdur”,- Nazirlikdən “Marja”ya bildirilib

Həmçininxərclərin artımı, dövlət mülkiyyətində olan bəzi Səhmdar Cəmiyyətlərinin (“Azəralüminium” ASC, “Azərenerji” ASC, “Azərbaycan Hava Yolları” QSC) borclarının (daxili və xarici) restrukturizasiya edilərək yaranmış öhdəliklərin bir hissəsinin dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilməsi ilə bağlıdır.


mənbə:marja