AZAL-dan Bakı-Nyu-York-Bakı reysləri ilə bağlı yeni qərar

AZAL-dan Bakı-Nyu-York-Bakı reysləri ilə bağlı yeni qərar | alkredit.az

Noyabrın 7-dən etibarən “Azərbaycan Hava Yolları”-nın (AZAL) Bakı-Nyu-York-Bakı müntəzəm reysləri “Boeing 787-8” Dreamliner tipli təyyarələrdə yerinə yetiriləcək. Bu barədə "Marja"ya AZAL-dan bildirilib.

QSC-nin məlumatında qeyd olunur ki, “Boeing-787-8” Dreamliner müasir hava gəmilərindən biridir və ən son texniki yenilikləri özündə birləşdirir. Yeni texnologiyaların tətbiqi sayəsində təyyarə ən yüksək təhlükəsizlik tələblərinə cavab verir və istismar üçün sərfəlidir.

Bu reysin sərnişinlərinə 3 xidmət sinifi - Ekonom sinfi üzrə 157 yer, Biznes sinfi üzrə 35 yer və Birinci sinif standartlarına cavab verən Lüks sinfi üzrə isə 18 yer təklif olunacaq.

QİYMƏTLƏR 700-2972 MANAT ARASINDADIR

Bu siniflərdə qiymətlər bir birindən dəfələrlə fərqlənir. Belə ki, Bakıdan Nyu-Yorka gediş gəliş qiyməti Ekonom sinfi üzrə 700 manat, Biznes sinfi üzrə 1942 manat, Lüks sinfi üzrə isə 2972 manat ətrafındadır.

“Azərbaycan Hava Yolları”-nın “Boeing-787-8” Dreamliner tipli təyyarəsi artıq transatlantik test uçuşu həyata keçirmişdir və bu xəttin istismarı üçün bütün zəruri icazələri almışdır.

Bakı-Nyu-York-Bakı müntəzəm reysləri həftədə iki dəfə olmaqla bazar ertəsi və şənbə günləri yerinə yetirilir. Təyyarə Bakıdan səhər saat 6-da yola düşür və Kennedi hava Limanına yerli vaxtla saat 9:30 çatır. Əks istiqamətdə uçuşlar elə həmin günlər saat 11:30 yerinə yetirilir.

Biletləri AZAL-ın kassalarında və şirkətin www.azal.az saytında bronlaşdırmaq və əldə etmək mümkündür.

mənbə:marja