Bakıdakı bu mağazaya təyyarə ilə təzə qidalar gətirilir

Bakıdakı bu mağazaya təyyarə ilə təzə qidalar gətirilir | alkredit.az

Bakı şəhərində “Port Baku” kompleksinin nəzdində “Port Baku Bazar” mağazasının rəsmi açılışı olub (Sentyabr ayının 18-dən fəaliyyət göstərir). Mağazanın ərazisi 3500 kvadrat metr, ticarət zonası isə 1500 kvadrat metrdir.

"Port Baku Bazar" mağazasının baş direktoru Ümüd Əsər açılış mərasimində çıxış edərək bildirib ki, qurman mağaza olaraq nəzərdə tutulan "Port Baku Bazar"ın dünyada analoqu azdır:

"Mağazada müştərilərə 18 min çeşiddə məhsullar təqdim olunur. Biz ağzının dadını bilən, keyfiyyətli məhsulları istifadə edən müştərilərə xidmət etmək üçün mağazamızı açdıq. Avropanın bir çox ölkələrindən, ümumiyyətlə, 40 ölkədən mağazamıza mallar gəlir. Məhsullarımızın 60-70 faizi xaricdən gəlir. Həftədə iki gün Lüksemburqdan təyyarə ilə təzə qida gətirmə xidmətimiz var. Mağazada yerli məhsulları da satırıq. Aldığımız yerli məhsulların da keyfiyyətli olmasına xüsusi diqqət yetiririk".

“Port Baku Bazar”da təkcə Bakıda deyil, ümumiyyətlə bütün Azərbaycanda ilk dəfə olaraq Premium Gourmet qastronomunun qida məhsulları, alkoqollu və alkoqolsuz içkiləri, delikatesləri, hədiyyəlik dəstləri və bu qəbildən olan digər məhsulları təklif edilir. Ərzaqların keyfiyyəti ilə bərabər, “Port Baku Bazar”da həm də peşəkar konsultantlar tərəfindən istənilən məhsul haqqında ətraflı məlumat verilir.

Mağazanın balıq şöbəsində həftədə iki dəfə xüsusi olaraq Avropadan təyyarə ilə gətirilən təzə balıqlar və dəniz məhsulları təqdim olunur. Burada Şotland qızılbalığı, hisə verilmiş anqvil, paltus, təzə krevet təqdim olunur. Bununla yanaşı, rəflərdə hər zaman diri omar, lanqust və krab da görmək mümkündür. Şöbədə, həmçinin, Uzaq Şərq balıqlarının da bir çox çeşidi var.

Eyni zamanda, mağazada mütəmadi olaraq lotereya çəkilişi olacaq və qalib müştərilərə hədiyyələr təqdim ediləcək.

Qeyd edək ki, mağazada həm də restoran fəaliyyət göstərir. Müştərilər burada həm alış-veriş edə, həm də restoran xidmətindən yararlana bilərlər. Restoranın tərtibatı bağ köşkü üslubundadır. Burada geniş çeşiddə Aralıq dənizi mətbəxi də təklif edirik. “Port Baku Bazar” restoranının içki menyusuna unikal kokteyllər, detoks-pəhrizlərinin bir hissəsi olan sağlam içkilər və dünyanın 5 müxtəlif ölkəsindən gətirilmiş 21 növ viski də daxil edilib. Açıq mətbəxin olması da restoranın özünəməxsus cəhətlərindən biridir. İstəyən hər kəs tam rahatlıqla yaxınlaşa, yeməklərin hazırlanma prosesi ilə tanış ola bilər.

 

mənbə:marja