Bank BTB-də 1,3 milyonluq zərər Şirift

Bank BTB-də 1,3 milyonluq zərər Şirift | alkredit.az

“Bank BTB” ASC 2015-ci ilin yanvar- sentyabr aylarını 1 milyon 344 min manat zərər  ilə başa vurub.

Bankın maliyyə hesabatlarına istinadən xəbər verir ki, 9 ayda bankın cəmi gəlirləri 14 milyon 959 min manat, o cümlədən faiz gəlirləri 17 milyon 314 min manat, qeyri-faiz zərəri 2 milyon 355 min manat təşkil edib.

“Bank BTB”nin məzənnə dəyişməsi daxil valyuta əməliyyatlarında 4 milyon 29 min manat zərər edib.

Bank 9 ayı 3 milyon 431 min manat əməliyyat zərəri iləbaşa vurub. Əməliyyat zərərinin 2 milyon 86 min manatı aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün ehtiyatların yaradılmasına ayrılıb və nəticədə Bankın 1 milyon 344 min manat zərəri yaranıb.

“Bank BTB” İyul-Sentyabr aylarını əhatə edən 3-cü rübdə 132,4 min manat xalis mənfəət əldə edib. Bu ilin 1-ci rübündə Bankın zərəri 1 milyon 417 min manat, 2-ci rübdə isə 59,71 min manat olub.

MƏCMU KAPİTALI TƏLƏBDƏN AŞAĞI DÜŞÜB

“Bank BTB”-nin bu ilin 9 ayında zərər etməsi Bankın məcmu kapitalının aşağı düşməsinə təsir göstərib. 30 Sentyabr 2015-ci il tarixində, Bankın nizamnamə kapitalı 50 milyon manat olsa da, məcmu kapitalı 49 milyon 663 min manat olub.

KREDİT PORTFELİ AZALIB

30 Sentyabr 2015-ci il tarixinə “Bank BTB”-nin cəmi aktivləri 156 milyon manat təşkil edib. Ötən ilin sonu ilə müqayisədə Bankın aktivləri təxminən 10% artıb. Aktivlərin artmasına səbəb Bankın Mərkəzi Banka qarşı olan tələblərinin kəskin artaraq xarici valyutada 10,5 milyon manata çıxmasıdır.

Bankın 156 milyon manatlıq aktivlərinin 51,1 milyon manatı xarici valyutada olub.

Ötən ilin sonu ilə müqayisədə Bankın kredit portfeli təxminən 11% azalaraq 94 milyon 806 min manata düşüb. Kredit portfelinin 40%-i xarici valyutadadır.

ƏHALİNİN ƏMANƏTLƏRİ ARTIB

30 Sentyabr 2015-ci il tarixinə bankda depozitlər 59 milyon 189 min manat, o cümlədən fiziki şəxslərin müddətli depozitləri (əmanətlər) 53 milyon 773 min manat təşkil edib. İlin əvvəlindən əhalinin əmanətləri 18% artıb.

Bankın cəmi öhdəlikləri, 64 milyon 724 min manatı xarici valyutada olmaqla 106 milyon 155 min manat təşkil edib.

Mərkəzi Bank Bank “BTB”yə 15,6 milyon manat ayırıb.

2010-cu ildə təsis edilmiş Bank “BTB” ASC  hüquqi və fiziki şəxslərə geniş çeşiddə universal bank məhsul və xidmətlərini təklif edir.