Bank VTB (Azərbaycan) milli prosessinq mərkəzinə keçdi

Bank VTB (Azərbaycan) milli prosessinq mərkəzinə keçdi | alkredit.az

"Bank VTB (Azərbaycan)" ASC "AzeriCard" Prosesinq Mərkəzinə keçidi uğurla başa çatdırdı. Bank, prosesinq mərkəzinə keçidə bir ayəvvəl start vermişdi. Daha öncə VTB (Azərbaycan) VTB Qrupun törəmə qurumu kimi Rusiyanın “Multikarta” Prosesinq Mərkəzi ilə əməkdaşlıq edirdi.

Azərbaycan Respublikası Mərkəzi Bankı (AR MB) tərəfindən bank qarşısında MB-nin “Ödəmə kartlarının emissiyası və istifadəsi Qaydaları”na uyğun olaraq ödəmə kartlarının və terminal şəbəkəsinin milli prosesinq mərkəzinə keçirilməsi tələbi qoyulmuşdur.

“Mərkəzi Bankın tövsiyələrinə əsasən, bankımız yerli prosesinq mərkəzinə keçid layihəsini həyata keçirdi. Ümumilikdə, yeni prosesinq mərkəzinə keçid plana uyğun reallaşdırıldı. Artıq bankımızın bütün ödəmə kartları və terminal şəbəkəsi "AzeriCard" Prosesinq Mərkəzi tərəfindən dəstəklənir”, - deyə "Bank VTB (Azərbaycan)"ın İdarə Heyətinin sədri Yuri Yakovlev bildirib.

 

Arayış:

Bank VTB (Azərbaycan) ASC VTB Bank ASC-nin törəmə bankıdır. Bank VTB (Azərbaycan) ASC-nin  səhmdarları: VTB Bank ASC və “AtaHolding” ASC-dir. Bank VTB (Azərbaycan) ASC əsasən korporativ biznesi, kiçik və fərdi biznesi təmsil edən müştərilərə xidmət göstərir. Bu gün bank 14 filial və Baş ofis yanında Müştəri xidmətləri İdarəsi ilə təmsil olunub.