Bankirlər Komitə sədri ilə görüşdülər

Bankirlər Komitə sədri ilə görüşdülər | alkredit.az

2 dekabr 2015-ci il tarixində “HİLTON Baku” mehmanxanasının konfrans mərkəzində Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) sədri Rüfət Aslanlı Azərbaycan Banklar Assosiasiyasının üzvləri ilə görüş keçirmişdir.

Görüşü giriş sözü ilə açan QKDK-nın sədri Rüfət Aslanlı Azərbaycanda aparılan iqtisadi islahatlar barədə məlumat verib. Komitə sədri ölkənin kapital bazarlarının məhz bu mərhələdə formalaşmağa başladığı, bu dövr ərzində qiymətli kağızlarla ticarət proseslərinin sadələşdirilərək avtomatlaşdırıldığı, maliyyə vasitəçilərinin institusional potensialının artdığı, onların bilik və məlumatlılıq səviyyəsinin yüksəldiyi, bazara yeni maliyyə alətlərinin təklif olunduğu barədə görüş iştirakçılarına məlumat vermişdir. Sədr sadalanan tədbirlərin qiymətli kağızlar bazarının monetar və fiskal alətlərin ticarət platformasından özəl sektorun əməliyyatlarının maliyyələşdirilməsi üzrə platformaya transformasiya olunmasına töhfə verdiyini qeyd edib.

Dünya iqtisadiyyatının üzləşdiyi qlobal problemlərin ənənəvi iqtisadi və sosial inkişaf modelinə yenidən baxmaq zərurəti yaratdığını qeyd edən R.Aslanlı uzaq perspektivə hesablanan inkişaf strategiyasının bugünkü çağırışlara düzgün cavabların tapılmasından asılı olduğunu vurğulamışdır. Sədr ortamüddətli perspektiv üçün əsas məqsədin iqtisadiyyatın kapitala olan tələbatını təmin etmək üçün effektiv infrastrukturun formalaşdırılmasına və maliyyə mənbələrinə çıxış imkanlarının genişləndirilməsinə nail olmağın vacibliyini qeyd etmişdir.

Tədbirin davamında çıxış edən Azərbaycan Banklar Assosiasiyasının sədri Zakir Nuriyev görüşdə iştirakına görə QKDK sədrinə minnətdarlığını bildirdi. Z.Nuriyev yeni çağırışlara uyğun qurulacaq iqtisadi modernizasiya siyasətinin formalaşdırılmasında bank sektorunun önəmini xüsusi vurğuladı.

Sonda görüş iştirakçılarının qiymətli kağızlar bazarında mövcud trendlərlə əlaqədar sualları cavablandırıldı və biznes dairələrinin ortamüddətli strategiyalarının müəyyən olunması ilə bağlı yeni iqtisadi çağırışlara dair fikir mübadiləsi aparıldı.

 

mənbə:fins.az