Banklar üçün 6 milyard manatlıq risk yarandı

Banklar üçün 6 milyard manatlıq risk yarandı | alkredit.az

Manatın ikinci devalvasiyasının banklar mənfi təsir göstərəcəyi gözlənilir. İlk növbədə, dollarda olan kreditlərin geri qaytarılmasının daha da pisləşəcəyi və bu baxımdan bankların xərclərinin artacağı ehtimal olunur.

Azərbaycan Mərkəzi Bankının məlumatına görə, 01 Noyabr 2015-ci il tarixinə bankların xarici öhdəlikləri 6 milyard 143,2 milyon manat olub. Həmin tarixdə dollarda ifadədə bu məbləğ 5 milyard 850 milyon dollara bərabər idi.

Manatın yeni məzənnəsi ilə (1,55 manat) hesabladıqda xarici öhdəliklər 9 milyard 67 milyon manata çıxıb. Yəni, təkcə xarici öhdəliklər təxminən 3 milyard manat artıb.

Bundan başqa, banklarda əhalinin xarici valyutada 5 milyard 190 milyon dollar (5 milyard 449 milyon manat) əmanəti olub. İkinci devalvasiyadan sonra əmanətlər manat ifadəsində təxminən 2,8 milyard manat artaraq 8 milyard manatı ötüb.

Bankların xaricə borcları və əmanət üzrə öhdəliklərindən başqa depozitlər və qiymətli kağızlar üzrə də öhdəlikləri mövcuddur. Həmin öhdəliklər də manat ifadəsində artıb. Ümumiyyətlə, xarici valyutadakı cəmi öhdəliklər üzrə bankların manatda öhdəlikləri 7-8 milyard manat civarında artıb.

Düzdür, banklar valyuta riskini nəzərə alaraq valytalar üzrə aktiv və passivlərinin nisbətini saxlamağa çalışıblar. Lakin bu çarə olmaya bilər.

KREDİTLƏRİN KÖHNƏ MƏZƏNNƏ İLƏ ÖDƏNİLMƏSİ İFLAS DEMƏKDİR

Təkcə xarici öhdəliklər və xarici valyutadakı əmanətlər üzrə bankların manatda öhdəlikləri təxminən 6 milyard manata yaxın artıb.  Bu baxımdan bankların köhnə məzənnə ilə kreditləri geri qəbul etmələri mümkün deyil. Bu o deməkdir ki, bankların müştəriləri borclarını köhnə məzənnə ilə qaytarsalar, bu halda, banklar öz borclarını qaytarmaq üçün 6 milyard manat tapmalıdırlar. Kreditlərin ödənilməsi pisləşəcəyi halda da, banklar götürdükləri borclarını bağlamaq üçün yenə vəsait tapmalı olacaqlar. Qısası, vəziyyət yaxşı deyil.

Bu ilin İyun ayının əvvəlinə bankların cəmi öhdəlikləri 24 milyard 780,7 milyon manat, o cümlədən depozit öhdəlikləri 12 milyard 368,6 milyon manat, maliyyə sektorundan alınmış kreditlər və depozitlər üzrə öhdəliklər 10 milyard 543,9 milyon manat, digər öhdəliklər isə 1 milyard 868,2 milyon manat təşkil etmişdir. Həmin dövrdə bankların cəmi kapitalları isə 4 milyard 286,5 milyon manat olmuşdur. Bankların öhdəliklərinin təxminən 60%-nin dollarda olduğu ehtimal olunur.

mənbə:marja