Borclarınızın batmasına imkan verməyin - Çıxış yolları

Borclarınızın batmasına imkan verməyin - Çıxış yolları | alkredit.az

Vətəndaşlar şəxsi etibar əsasında borc verərkən və sonradan borcu almaqda problem yaranarkən hansı addımları atmaldırılar?

Şəxsi inam etibar əsasında borc verərkən, ilk növbədə həmin adamın maliyyə imkanlarını gəlir və xərcələrini göz önünə almaq lazımıdr. Əgər şəxsin kreditləri varsa, aylıq gəliri azalıbsa və ya ümumiyyətlə aylıq gəlirindən məhrum olubsa bu halda borcunuzun ödənilməsi ciddi risk altındadır.

Bəzən borc istəyən insanla münasibətlər çox yaxın olduğu üçün borc verməyə məcbur qalırıq. Bu halda borcun məbləği qaytarılma müddəti və şərtləri dəqiq razılaşdırılmalıdır. Borc müqaviləsi adi yazılı müqavilə formasında da bağlana bilər burada əsas şərt, borc alanın və borc verənin ad soyadı və şəxsiyyət vəsiqəsi məlumatlarının düzgün qeyd olunması, borcun məbləğinin (həm rəqəmlə həm də sözlə) və valyutasının qeyd olunması , borcun hissə-hissə və ya bir dəfəyə qaytarılacağı, borcun ən geci neçə aya və ya ilə qaytarılacağı barədə məlumatların qeyd olunmasıdır.

Borc verərkən çalışın ki, şahidlərin iştirakı ilə verəsiniz.

Borcun qaytarılma müddəti başa çatanadək borcunuzu tam ala bilmirsinizsə məhkəməyə müraciət etmək üçün tələsməyin. İlk növbədə borcun qaytarılmama səbəbini aydınlaşdırmağa çalışın, bununla eyni vaxtda borc alan şəxsin gəlirləri və əmlak vəziyyəti barədə ətraflı məlumat toplayın.

Əgər borclunun adında avtmobil və ya ev (daşınmaz əmlak) olması barədə məlumatınız vardırsa bu halda məhkəməyə əmr qaydasında deyil iddia qaydasında müraciət edin və məhkəmə prosesi başlayan kimi, əmlakların üzərinə həbs qoyulması üçün hakimə müraciət edin. Əgər borclunun əmlakı yoxdursa bu halda əmr qaydasında məhkəməyə müraciət edin. Əmr qüvvəyə mindikdən dərhal sonr isə icra şöbəsinə yaxınlaşaraq borclu barəsində əldə etmiş olduğunuz bütün məlumatları icra məmuruna təqdim edin.

Daha sonra icra məmuru ilə mütəmadi əlaqə saxlayaraq, boclunun izahatının alınmasına, onun əmlakları barədə Dövlət Yol Polisinə və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət olunmasına, borclunun borcu ödəmədiyi təqdirdə məcburi icra tədbirlərinin tətbiqinə nail olmağa çalışın. Bütün bu məlumatları əks etdirən sənədlərin surətlərini icra məmurundan tələb edərək özünüzdə saxlayın. Eləcə də borclu barədə əldə etdiyiniz yeni məlumatları icra məmuruna bildirin.

Borclu əgər borcunu ödəməkdən qəsdən yayınırsa bu halda icra məmurundan onun barəsində inzibati həbslə bağlı addımlar atmağı daha sonra isə cinayət işinin başlanması üçün təqdimat yazmağı tələb edə bilərsiniz.

Pərviz Məmmədov, “AZKOLL” şirkətinin direktoru

URL: www.azcoll.az