Elektron kommersiyanın bugünü və onun inkişafında bankların rolu

Elektron kommersiyanın bugünü və onun inkişafında bankların rolu | alkredit.az

Əgər bir neçə il əvvək elektron kommersiya biznesin və xüsusilə də, pərakəndə ticarətin internetdə kiçik təmsilçisi rolunu oynayırdısa, hazırda ˝ecommerce˝ ayrıca inamla irəliləyən bir biznes modeli, biznes ekosistemidir.

Artıq həm ayrı-ayrı ölkələr səviyyəsində, həm də global səviyyədə elektron ticarət pərakəndə ticarətin öncə tərəfdaşı, sonra isə rəqibinə belə çevrilibdir. Əminliklə söyləyə bilərik ki, ticarətin "online" nümayəndəsi sayəsində sahibkarlar, ticarətçilər və şirkətlər nəinki öz mövcud müştərilərinə alternativ satış kanalı təmin edir, əksinə öz "offline" müştəri kütləsinə paralel olaraq yeni, qərarı dükana gəlmədən daha öncə formalaşdıran fərqli müştəri qrupunu hədəfləyir, əldə edirlər.

Global elektron ticarət rəqəmlərinə nəzər yetirsək, ˝Euromonitor˝göstəricilərinə əsasən, 2015-ci ilin sonunda ümumi e-ticarət dövriyyəsinin həcmi  994 mlrd. dollar olmuş, lakin öncəki illərlə müqaisədə dövriyyənin artım tempi azalmışdır. Xarici ölkələrdə elektron ticarət öz doyma nöqtəsinə yaxınlaşsa da, Azərbaycanda onun artım templəri müqaisədə daha yüksəkdir. Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən elektron ticarətin dövriyyəsi 2015-ci ildə 2014-cü illə müqaisədə 1.9 dəfə artaraq 12.8 milyon manata çatmışdır. Bu dövriyyənin 12.3 milyonu qeyri-ərzaq mallarının payına düşür. Doğrudur, əgər elektron ticarət üzrə adambaşına düşən alış Rusiyada $29, Türkiyədə $38, Çexiyada $217 olduğu halda, Azərbaycanda bu göstərici 2014-cü ilin statistik məlumatına əsasən cəmi $0.35-dır. Lakin buna baxmayaraq ölkəmiz elektron ticarətin artım templərinə görə dünyanın qabaqcıl ölkələri sırasındadır.

Nə üçün bugün elektron ticarət Azərbaycan üçün daha önəmli və aktualdır? Bu suala cavab vermək üçün bir-neçə amilə nəzər yetirək:

-          Mərkəzi bankın statistik məlumatlarına əsasən Respublikada 2015-cı ilin sonuna 5.7 milyon ödəniş kartı mövcuddur və bu göstərici plastik kartların yayılmasının ümumi əhali üzrə 50%dən çox olduğunu göstərir. Bu kartların 1 milyon 467 mininin yalnız əməkhaqqı kartı olduğunu və 2015-ci il üzrə ümumi nağdsız ödənişlərin 730 milyondan çox olduğunu nəzərə alsaq, elektron ticarətin genişlənməsi üçün yetərli ödəmə potensialının olduğunu görürük.

-          Son zamanlar xarici ölkələrdən alınan əmtəələrin dəyərinin məlum səbəblərdən artması müştəriləri daha sərfəli və əlyetərli malları almasına sövq edir. Məhz "online" mühitin verdiyi xərclərin optimizasiyası kimi üstünlük gəlirləri stabil saxlayaraq qiymətə həssas müştərilərin ehtiyaclarını ödəməyə imkan verir. Ölkədə elektron ticarət sürətlə inkişaf etdiyi halda Amazon, Alibaba, eBay kimi ecommerce platformalarına sadiq alıcılarımızın bir qismi yerli elektron ticarətçilərə geri dönə bilər.

-          Digər ölkələrin qanunvericiliyi ilə müqaisədə, Azərbaycanda Elektron Ticarət haqqında qanun sahibkarlar və şirkətlər üçün daha yumşaqdır. Belə ki, bu qanununun əsas tələbləri şəffaf alqı-satqı münqasibətinin qurulmasında, əmtəələrin vaxtlı-vaxtıdna çatdırılmasında öz əksini tapır, bu fəaliyyət sahəsi üzrə hər hansı pul, lisenziya tipli limitlər təyin etmir.

-          Son zamanlar iqtisadiyyatın surətli formada ˝ağardılması˝, eyni zamanda Gömrük rüsumları üzrə nəzərdə tutulan islahatlar, idxal edilən əmtəələrin real dəyəri ilə satış dəyərləri arasında fərqləri minimuma endirir və beləliklə  problemsiz vergiyə cəlb edilmə, müvafiq olaraq biznesin xətasız və fasiləsiz fəaliyyətini mümkün edir.

Bugün Azərbaycanda elektron kommersiya sisteminin təşkilində banklar öz xidmətlərini göstərirlər. Bankların ecommerce ekosisteminə qoşulması ilə rəqəmsal və biznes imkanları əlavə olaraq maliyyə resurslarının idarə edilməsi imkanları ilə qovuşur. Banklar elektron ticarət sistemində mərkəzi və əhəmiyyətli rol oynaya bilirlər. Belə ki:

-          Banklar müştərilərin elektron ticarət əməliyyatlarını yerinə yetirən funksiyadan daha çox maliyyə tərəfdaşı rolunu oynayırlar. Elektron ticarət dövriyyələrinin vasitəçisiz birbaşa olaraq bank hesablarında toplanması sahibkarlara əlavə üstünlüklər verir.

-          Bir çox bankın təmin etdiyi ödənişin təhlükəsizlik sistemi (fraudmanagementsystem) vasitəsilə sahibkarlar satış prossesində arzuolunmaz halların qarşısını əvvəlcədən müxtəlif qaydalar qoyaraq ala bilirlər.

-          Sahibkarların tədarükçü zənciri üzrə tərəfdaşlarının eyni bankın xidmətlərindən istifadə etməsi biznes proseslərinin daha çevik və fasiləsiz həyata keçməsini təmin edə bilir.

-          Öz Prosessinq mərkəzi olan bankların ecommerce həllərindən istifadə edən sahibkarlar müştərilərinin daha dərin alış-veriş vərdişlərini tədqiq edə bilirlər.

Digər xüsusi vurğulana biləcək üstünlük isə bankın bir maliyyə institutu olaraq ölkədə Ecommerce infrastrukturunun inkişafında rol oynaya bilməsidir. Xarici ölkələrin təcrübəsində bankların həm Poçt Daşınması sistemi, həm də program təminatı verən böyük şirkətlərlə strateji tərəfdaşlığı həmin ölkədə ümümi ecommerce ekosistemini inkişafını təşviq edir. Bu nöqteyi nəzərdən banklar sistemində çox dayanıqlı və reformativ rol oynaya bilərlər.

Eyni zamanda banklar respublikada B2B səviyyəli elektron bazarların (emarketplace) formalaşmasını surətləndirə bilərlər. Bu bazarlar satıcı qismində çıxış edən fermer, istehsalçı və s.  və alıcı qismində çıxış edən sahibkar, şirkətlər arasında münasibətləri tənzimlədiyinə görə banklar kommersiya münasibətlərini müxtəlif növ maliyyələşdirmə üsulları ilə daha optimal edə bilərlər. İxrac yönümlü beynəlxalq əməkdaşlıq olduğu halda bankın satıcıya təminat verməsi də real praktikadır.

Respublikamızda elektron ticarət artıq müstəqil struktur olaraq kifayət qədər surətlə inkişaf edir. Bugün bu prossesi yavaşladan infrastrukturun lazımı səviyyədə olmaması, poçt sisteminin zəifliyi, elektron məkanda müştəri ehtiyacının keyfiyyətli ödənilə bilməməsi kimi problemlər öz həllini tədricən tapır. Biznesə yönəlik onu vurğulaya bilərik ki, elektron ticarət sistemini daha tez və optimal səviyyədə quran sahibkarlar daha çox müştəri qazanacaq. Belə ki, elektron ticarət rahatdır və sadə istifadə prinsipi üzrə qurulduqda daha tez alışqanlıq yaradan bir vərdiş halını ala bilir. Öz elektron məkanında həm kefiyyətli seçim, həm də asan ˝gəzinti˝ təqdim edəcək sahibkarlar və şirkətlər yeni müştəri vərdişindən yetərincə istifadə edə biləcəklər. Banklar isə bu struktur daxilində mərkəzi yer turaraq elektron kommersiyanı inkişaf etdirib vəsaitlərin ağıllı idarə edilməsi üzrə öz peşəkarlığını göstərməkdə davam edəcəklər.

Məqalənin müəllifi, Tural Nəbizadə.