Ev nömrəniz mobil telefonunuzda - yeni Aztelphone xidməti

Ev nömrəniz mobil telefonunuzda - yeni Aztelphone xidməti | alkredit.az

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "Aztelekom" MMC yeni "Aztelphone" xidmətini istifadəyə verib. MMC Bakı şəhəri və regionlar üzrə abunəçilərin stasionar telefon nömrələrinin xaricə daşınması xidmətini tətbiq edib.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən bildiriblər ki, bu barədə "Aztelekom" MMC-nin marketinq və satış departamentinin rəhbəri Razi Tağıyev məlumat verib.

Departament rəhbəri deyib ki, xidmətə qoşulmaq istəyən abunəçilər telekommunikasiya qovşaqlarına müraciət edə bilərlər. Bunun üçün abunəçiyə login və parol verilir. Daha sonra isə abunəçi ona məxsus stasionar telefon nömrəsini bu xidmət üçün ayrılmış nömrəyə (0124660000) yönəltməlidir. Bu əməliyyatdan sonra abunəçinin ev nömrəsi onun mobil qurğusuna (smartfon və planşet) yazılan "Aztelphone" proqramı vasitəsilə daşınır.

Abunəçi respublikanın istənilən bölgəsində olduqda ona edilən zənglər və onun istənilən nömrəyə, o cümlədən mobil telefona etdiyi zənglər müvafiq tariflərə uyğun hesablanır. Bu xidmət çərçivəsində Bakı telefon abunəçiləri paytaxtın ev telefon abunəçiləri ilə istənilən qədər pulsuz danışa bilərlər. Eyni zamanda, Bakı telefon qovşaqlarının abunəçilərinin də ona etdiyi zənglər pulsuz olacaq. Həmin abunəçi rayon telefon abunəçisinə zəng etdikdə isə dəqiqəsi 5 qəpikdən ödəniş edəcək. Əgər telefonu mobil telefona yönləndirən abunəçi xaricdədirsə, onun rayonundan olan abunəçinin etdiyi zənglər də pulsuz olacaq.

Xidmətin aylıq abunə haqqı 20 manatdır.

"ƏSAS İSTİFADƏÇİLƏRİ ŞİRKƏTLƏR OLA BİLƏR"

R.Tağıyev hesab edir ki, xidmətin əsas istifadəçiləri şirkətlər və dövlət müəssisələri ola bilər: "Bu xidmətdən dövlət və özəl qurumların nümayəndələri də istifadə edə bilərlər. Xidmət bütün respublika abunəçiləri üçündür. Dünyada analoqu olmayan xidmət "Aztelekom"un uzun müddət apardığı araşdırmalar nəticəsində ərsəyə gəlib".

Mənbə: Azərtac