Gənc ailələr ayda 60-70 manat ödəyib ev sahibi olmalıdır

Gənc ailələr ayda 60-70 manat ödəyib ev sahibi olmalıdır | alkredit.az
İqtisadi və Sosial İnnovasiyalar İnstitutunun rəhbəri Əli Məsimlinin müsahibəsi

“Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin yaradılması ipoteka sahəsində problemlərin həlli üçün yetərli olacaqmı?
-Rəsmi açıqlamalara görə, Azərbyacanda ipoteka mexanizmi işə düşdükdən sonra həmin xəttlə 17 mindən artıq ailə mənzil alıb. Lakin bu rəqəm müsbət dəyərləndirməklə yanaşı, 10 illik bir müddətin hesabatını  xarakterizə etməklə təlabatdan qat-qat aşağı olduğundan, prosesi sürətləndirməkdən ötrü ipoteka mexanizminin təkmilləşdirilməsinə və onu orta statiastik azərbaycan ailəsi üçün əlçatan edilməsinə böyük ehtiyac var. Bu baxımdan Azərbaycan prezidenti İlham Əliyevin “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında fərmanı mühüm aktuallıq kəsb edir.
"Azərbaycan İpoteka Fondu" ASC-nin  əsas fərqləndirici funksiyası bazar dəyərinin qiymətləndirilməsi yolu ilə daha böyük həcmdə maliyə resursların  fonda cəlb olunması imkanlarının genişləndirilməsi olacaq. Bu isə ipoteka yolu ilə daha çox ailəyə kredit vermə imkanını artıracaq. Deməli  ipoteka sahəsində dəyişikliklər əhalinin yeni bir hissəsi üçün də əlçatan olacaq və tədricən nisbətən ucuz ev bazarının inkişafına müəyyən dərəcədə təkan verəcək. İpoteka üçün bir nəfərə verilən 50 min matatlıq məbləğ də artırıla  bilər, faiz dərəcələri də nisbətən aşağı enə bilər. Ona görə də mövcud ipoteka mexanizminin təkmilləşdirilməsi istiqamətində atılan addımları  yüksək qiymətləndirib dəstəkləyirik.
-Fərmanda göstərilənlərin həyata keçirilməsi  ipotekanın  coğrafiyasına necə təsir edəcək?
-Fərmanda göstərilənlər əsasında işlər düzgün qurulsa, yeni qaydalar həm də ölkəmizin  regionları üçün ipoteka kreditləşməsinin coğrafiyasını bir qədər genişləndirəcək.
-Bəs bu vacib problemi bir qədər yox, köklü sürətdə həll etməkdən ötrü nə etməli?
-Bu vacib problemi köklü sürətdə həll etməkdən ötrü, bir tərəfdən regionlarda  layiqli əmək haqqı olan iş yerlərinin açılması işi sürətlənməlidir ki, insanların daha çox hissəsi orta əmək haqqından yüksək qazanıb ipotekadan yararlanmaq iqtidarında olsunlar. Çünki mövcud ipotekadan faydalanmaq istəyənlərin gəlirləri gərək orta əmək haqqından, yəni azı 500 manatdan  yüksək olsun ki, öz arzularını gerçəkləşdirə bilsinlər. Axı büdcə təşkilatlarında çalışanların xeyli hissəsi orta əmək haqqından az - 170- 300 manat arasında qazanır. Məhz bu amil ipotekanın regionlarda yayılmasına daha çox mane olur. Ona görə də rəsmi statistika da gəstərir ki, ipoteka ilə ev alanların böyük əksəriyyəti Bakıdadı.... Çünki regionlarda əhalinin orta gəlirləri çox hallarda orta respublika göstəricisindən 2 dəfəyə yaxın aşağıdır.
Orta əmək haqqı səviyyəsində qazananlar  üçün Alman modelini tətbiq eləmək olar ki, ailə müəyyən yığım etmək bacarığını ortaya qoyub ipotekadan faydalanmaq haqqına sahib olsun.
Əhalinin aztəminatlı təbəqəsinə gəldikdə isə bununla  əlaqədar olaraq mətbuatdan çoxlarına məlum olan bir fikrimizi bir daha təkrar xatırlatmaq istərdik ki, ipoteka- sosial layihədir və ondan məhz orta və aşağı gəlirli ailələrin, xüsusən də gənc ailələrin  istifadə edə bilməsi daha ədalətli və perspektivli olardı. Bu baxımda mövcud ipoteka mexanizminin təkmilləşdirilməsi istiqamətində atılan addımları  zəruri hesab etməklə yanaşı, eyni zamanda ipotekanın regionlara yayılmasının goğrafiyasını genişləndirməkdən ötrü bununla paralel olaraq həm də təklif etdiyimiz və mahiyyəti mətbuatdan hamıya bəlli olan “Sosial evlər” layıhəsinin də işlək mexanizminin hazırlanması və tətbiq edilməsini zəruri hesab edirik. Qoy imkanı olanlar mövcud ipoteka mexanizmindən faydalanıb ev alsınlar, aztəminatlı gənc ailələr isə  ayda 60-70 manat, bir qədər əlavə imkanı varsa, maksimim 100 manat ödəyib, 20-25 ildən sonra həmin evin real sahibi olsunlar. Bu üsulun yerlərdə tətbiqi iqtisadi fəallığı, yeni iş yerlərinin sayını xeyli  artıarar, tikinti materialları və onunla bağlı  sahələrinin inkişafina görünməmiş bir təkan vermiş olar. Həm də bu halda gənc ailələr regionlarda qalıb işləməyə və öz kənd və qəsəbələrinə fayda verməyə üstünlük verərlər.

Mənbə:  Moderator.az