İpoteka kreditləşməsinin şərtləri dəyişdirilir

İpoteka kreditləşməsinin şərtləri dəyişdirilir | alkredit.az

Yaxın vaxtlarda Azərbaycanda ipoteka kreditləri sahəsində dəyişikliklərə başlanacaq. Azərbaycan Mərkəzi Bankı yanında İpoteka Fondunun açıq səhmdar cəmiyyətə çevrilməsi ilə bağlı işlər artıq başa çatıb. Bu barədə fins.az-a Nazirlər Kabinetindən bildirilib. Onun sözlərinə görə, bunun üçün lazımi sənədləşmə işləri aparılıb, müvafiq rəylər alınıb, prosedurlar yerinə yetirilib. Yeni ASC tezliklə fəaliyyətə başlayacaq.

Xatırladaq ki, “Azərbaycan İpoteka Fondu” ASC-nin yaradılması ilə bağlı Prezident İlham Əliyev ötən il, oktyabrın 27-də fərman imzalayıb. Fərmanda İpoteka Fondunun  hüquqi təşkilati formasının dəyişdirilməsi ilə yanaşı, Azərbaycanda ipoteka kreditlərinin şərtlərinə yenidən baxılması və dəyişdirilməsi də nəzərdə tutulub. Fərmana əsasən, Nazirlər Kabinetinə tapşırılmışdı ki, İpoteka Fondunun vəsaiti hesabına ipoteka kreditlərinin, o cümlədən güzəştli ipoteka kreditlərinin verilməsi qaydalarını bir ay müddətində Azərbaycan Prezidenti ilə razılaşdıraraq təsdiq etsin.

Sənədə əsasən, Azərbaycanın ipoteka sistemində aparılan dəyişikliklərdən sonra ipoteka kreditləri ilə bahalı evlər almaq mümkün olmayacaq. ASC-nin vəsaiti ilə yalnız o evlər alınacaq ki, onların bir kvadratmetrinin qiyməti ölkənin şəhər və rayon ərazilərinin müvafiq zonalarında orta bazar qiymətindən artıq olmasın.

Bundan başqa, fərmana əsasən, ipoteka kreditləri ilə yalnız təmirli evlər almaq mümkün olacaq. Digər tərəfdən ipoteka kreditləri ilə yalnız tikintisi başa çatmış və istismarına icazə verilmiş binalardakı mənzilləri də almağa icazə veriləcək.

Sosial evlər ipotekaya mane olmayacaq

Nazirlər Kabinetində deyirlər ki, hökumətin bir qədər əvvəl başladığı sosial evlər təşəbbüsü dövlət xətti ilə ipoteka kreditlərinin verilməsinə mane olmaacaq.

Qeyd edək ki, Bu günlərdə isə dövlət başçısı “Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin yaradılması və fəaliyyətinin təşkili haqqında” fərman imzalayıb. Bu agentliyin tabeliyindəki “MİDA” MMC əhalinin aztəminatlı təbəqəsi üçün sosial evlərin tikintisi ilə məşğul olacaq.