Kənd təsərrüfatı məhsullarının elektron qiymət məlumat bazasının yaradılması başa çatır

Kənd təsərrüfatı məhsullarının elektron qiymət məlumat bazasının yaradılması başa çatır | alkredit.az

Azərbaycanda kənd təsərrüfatı məhsullarının elektron qiymət məlumat bazasının yaradılması bu günlərdə başa çatdırılacaq.

Bu barədə Bakıda Kənd Təsərrüfatı Nazirliyinin BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) ilə birgə reallaşdırdığı “Təkmilləşdirilmiş dəyər zənciri üzrə fəaliyyətlərin koordinasiyası üçün bacarıqların artırılması və institusional inkişaf” layihəsinin noyabrın 5-də keçirilən yekun təqdimatında məlumat verilib.

Tədbirdə layihə çərçivəsində yaradılmış kənd təsərrüfatı məhsullarının gündəlik topdan və pərakəndə satış qiymətləri üzrə elektron məlumat bazası, “Kənd təsərrüfatı” aylıq informasiya bülleteni və “Kənd təsərrüfatı məhsullarının satış kanallarının strukturu üzrə marketinq tədqiqatı”nın nəticələri təqdim olunub.

Kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov kiçik fermerlərin (ailə-fermer təsərrüfatlarının) bazara çıxışı və ərzaq təchizatı sistemlərində mövcud olan qeyri-səmərəliliyin aradan qaldırılmasının ölkədə kənd təsərrüfatı siyasətinin əsas hədəflərindən biri olduğunu bildirib, bu istiqamətdə həyata keçirilən tədbirlərdən danışıb.

Nazir müavini kənd təsərrüfatının səmərəli idarə edilməsi üçün nazirliyin aqrobiznes və dəyər zəncirinin koordinasiyası funksiyası sahəsində müvafiq institusional təşkilatlanmanın, kənd təsərrüfatı sektorunda idarəetmənin səmərəliliyinin təkmilləşdirilməsi istiqamətində layihə çərçivəsində həyata keçirilən fəaliyyətlərin önəmini vurğulayıb.

Təqdimat mərasimində çıxış edən FAO-nun Azərbaycandakı nümayəndəsi Mustafa İmir layihənin həyata keçirilməsi nəticəsində əldə edilmiş nailiyyətlərdən danışıb. O, layihənin əsas komponentlərindən biri olan kənd təsərrüfatı məhsullarının gündəlik topdan və pərakəndə satış qiymətləri üzrə elektron məlumat bazasının yaradılmasının bütün tərəfdaşlar tərəfindən bazar haqqında məlumatlara çıxışın əldə olunmasına töhfə verəcəyinə əminliyini bildirib.

Daha sonra kənd təsərrüfatında marketinq sistemlərinin inkişafı üçün layihə çərçivəsində hazırlanmış Milli Fəaliyyət Planının müzakirəsi keçirilib.

Tədbirdə Kənd Təsərrüfatı Nazirliyinin mərkəzi aparatının və digər struktur bölmələrinin əməkdaşları, FAO-nun ekspertləri, əlaqədar dövlət orqanlarının, tədqiqat mərkəzlərinin və özəl sektorun nümayəndələri iştirak ediblər.

Mənbə: Azərtac