Kredit faizləri avtomatik artacaq

Kredit faizləri avtomatik artacaq | alkredit.az

Mərkəzi Bank bu gün uçot dərəcələri və likvidlik əməliyyatları üzrə faiz həddini müəyyən edilməsi ilə bağlı qərar verib.

İdarə Heyətinin qərarı ilə 4 mart 2016-cı il tarixindən uçot dərəcəsi 7%, likvidlik əməliyyatları üzrə faiz dəhlizinin yuxarı həddi isə 17% səviyyəsində müəyyən edilib. Likvidlik əməliyyatları üzrə faiz dəhlizinin aşağı həddi isə dəyişməz olaraq 2% səviyyəsində saxlanılıb.

İqtisadi ekspert Natiq Cəfərli açıqlamasında bu qərarı şərh edib.

O bildirib ki, MB-nin bugünkü qərarı kredit faizlərinin qalxmasına səbəb olacaq: “Əslində indiki dövrdə bu qərarın verilməsinin bircə məntiqi var ki, müəyyən inflyasiya proseslərinin qarşısını almaq məqsədi daşıyır. Görünür Mərkəzi bankın inflyasiya olacağı ilə bağlı gözləntiləri var. Çünki uçot dərəcəsini 7 faizə qaldırmaq o deməkdir ki, kredit faizləri avtomatik artacaq. Onsuz da kredit bazarında durum çox ağırdır. Banklar kredit verə bilmir, verdiklərini də geri ala bilmir. İndi bu qərarla Mərkəzi Bank kreditləri daha da bahalaşdırıacaq. Ən azı 2 faiz kredit faizlərinin artmasının şahidi olacağıq”.

Ekspert bildirib ki, qərarın manatın möhkəmlənməsinə xidmət edəcəyi ifadəsi düzgün deyil: “Bu qərar manatın möhkəmlənməsinə xidmət edə bilməz. Əksinə, hansı ölkənin Mərkəzi Bankı uçot dərəcəsini artırırsa, deməli, milli valyutanın zəifləməsini gözə alaraq bu addımı atır. Qərarda “manata etimadın gücləndirilməsi” ifadəsi belə izah oluna bilər ki, kreditə çıxış imkanları məhdudlaşdıqca, manatın kredit şəklində dövriyyəsi azalacaq. Bu zaman dollar almağa manat olmayacaq. Bu məntiqlə izah etmək olar ki, manatın dövriyyəsi azaldıqca dollara olan tələbat azalacaq. Amma əks proses baş verə bilər, çünki ölkə idxaldan ciddi asılıdır. Buna görə dollara tələbat həmişə yüksək olur. Bu qərar bir müddət sonra bahalaşmaya səbəb olacaq.

Mənbə: Qafqazinfo