Mərkəzi Bank faizləri yenidən artırdı

Mərkəzi Bank faizləri yenidən artırdı | alkredit.az

Makroiqtisadi sabitliyin təmin olunması hədəflərini və pul-maliyyə bazarlarındakı yenimeyilləri nəzərə alaraq, Mərkəzi Bank faiz dəhlizinin parametrlərini yenidən nəzərdən keçirmişdir.

İdarə Heyətinin qərarı ilə 4 mart 2016-cı il tarixindən uçot dərəcəsi 7% (əvvəlki 5%), likvidlik əməliyyatları üzrə faiz dəhlizinin yuxarı həddi isə 17%  (əvvəlki 10%)səviyyəsində müəyyən edilmişdir. Likvidlik əməliyyatları üzrə faiz dəhlizinin aşağı həddi isə dəyişməz olaraq 2% səviyyəsində saxlanılmışdır.

Eyni zamanda qərara alınmışdır ki, faiz dəhlizinin aşağı və yuxarı hədləri səviyyəsində olan faiz dərəcələri ilə likvidliyin verilməsi və cəlb olunması əməliyyatlarının müddəti 1 gündən 7 günədək uzadılsın. Banklar qısamüddətli likvidliyin idarə olunması məqsədilə Mərkəzi Bankın çərçivə aləti olan 1-7 günlük repo/əks-repo əməliyyatlarından öz təşəbbüsləri ilə istifadə edə bilər. Bunlardan əlavə məcburi ehtiyat normalarının differensiallaşdırılmasına dair də qərarlar qəbul edilmiş, müvafiq normativ baza hazırlanmışdır. Bu barədə əlavə məlumat veriləcəkdir.

"Dayanıqlı makroiqtisadi sabitliyin təmin olunması, o cümlədən milli valyutadan yığım vasitəsi kimi daha geniş istifadənin təşviqi, pul-maliyyə bazarlarının inkişafı istiqamətində son vaxtlar ardıcıl tədbirlər görülməkdədir. Dövlət qiymətli kağızlarının yüksək gəlirliklə yerləşdirilməsi, milli valyutada qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddinin isə daha yüksək səviyyədə müəyyən olunması manata etimadın gücləndirilməsinə yönəlmişdir",- Bankın məlumatında deyilir.

FEVRALDA DA FAİZLƏRİ QALDIRMIŞDI

Xatırladaq ki, Milli valyutaya olan etimadı gücləndirmək, manat depozitlərinin artmasını təşviq etmək, eləcə də pul bazarında formalaşmış konyunktura uyğun olaraq pul siyasəti alətlərinin təkmilləşdirilməsinə şərait yaratmaq üçün Mərkəzi Bankın İdarə Heyəti 15 fevral 2016-cı il tarixindən uçot dərəcəsini 5% (əvvəlki 3 %), likvidlik əməliyyatları üzrə faiz dəhlizinin aşağı həddini 2% (əvvəlki 0,1%), yuxarı həddini isə 10%  (əvvəlki 5 %)səviyyəsində müəyyən etmək barədə qərar qəbul etmişdi.

UÇOT DƏRƏCƏSİ NƏDİR?

Məlumat üçün bildirək ki, uçot dərəcəsi (faiz dərəcəsi) pulun dəyəri rolunu oynayır. Pula olan tələb də faiz dərəcəsindən asılı olaraq dəyişir. Məsələn, faiz dərəcələri azaldığı zaman kreditlərə tələb artır, insanların banklara əmanət qoymaq meyli isə azalır. Bu zaman iqtisadi subyektlər daha çox kredit almağa meyl göstərirlər, əllərində olan nağd pulu isə banklarda aşağı faizlərlə saxlamaqdansa xərcləməyə çalışırlar. Nəticədə məcmu tələb artır ki, bu da həm iqtisadi artıma və məşğulluğa, həm də inflyasiyaya artırıcı təsir göstərir. Faiz dərəcələri artdıqda isə kreditlərə tələb azalır, insanların banklara əmanət qoymaq meyli güclənir. Çünki, əmanətlər üzrə faizlər nağd pulu saxlamağın “alternativ xərci”dir. Nəticədə iqtisadi subyektlər daha az kreditlər alırlar və qazandıqları pulun çox hissəsini xərcləməyərək yığıma yönəldirlər. Beləliklə də məcmu tələb daralır və inflyasiyanın azalması üçün şərait yaranır.

mənbə:marja