Mərkəzi Bankdan yeni qərar - dollarlaşma azaldılır

Mərkəzi Bankdan yeni qərar - dollarlaşma azaldılır | alkredit.az

Son vaxtlar milli valyutaya olan etimadı daha da gücləndirmək və bununla dayanıqlı makroiqtisadi sabitliyə dəstək vermək istiqamətində Mərkəzi Bank tərəfindən bir sıra qərarlar qəbul edilmişdir.

Həyata keçirilən tədbirlərin davamı olaraq, dollarlaşma səviyyəsinin azaldılması, habelə bank sektorunda maliyyə sabitliyinin gücləndirilməsi məqsədilə Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin 03 Mart 2016-cı il tarixli qərarı ilə banklar tərəfindən xarici valyutada cəlb edilmiş öhdəliklər üzrə məcburi ehtiyat norması 0.5%-dən 1%-ə yüksəldilmiş, qeyri-rezident maliyyə sektoru qarşısında öhdəliklər və beynəlxalq maliyyə institutları ilə hesablaşmalar üzrə məcburi ehtiyat norması isə 0.5%-dən 0%-ə endirilmişdir.

Milli valyutada, həmçinin qiymətli metallarda cəlb edilmiş öhdəliklər üzrə isə məcburi ehtiyat norması dəyişməz saxlanılmışdır.

Banklar 2016-cı ilin may ayından məcburi ehtiyatlar üzrə hesabatı yeni normalar nəzərə alınmaqla tərtib etməli və  iyun ayından etibarən məcburi ehtiyatlarını yeni normaya uyğun saxlamalıdırlar.

Məcburi ehtiyatlar nədir?

Məcburi ehtiyatlar kommersiya bankları tərəfindən cəlb olunmuş depozitlərin mərkəzi bankda məcburi saxlanılan hissəsidir. Məcburi ehtiyatlar qaldırıldıqda bank sisteminin kredit vermək qabiliyyəti məhdudlaşır və beləliklə iqtisadiyyatda pul kütləsinin həcmi azalır. Mərkəzi Bank məcburi ehtiyatları azaltdıqda isə bunun əksi baş verir. Məsələn, bir fərd kommersiya bankına 1000 manat məbləğində əmanət qoyur və məcburi ehtiyat norması 1%-dir. Bu halda kommersiya bankı cəlb etdiyi məbləğin 1%-ni, yəni 10 manatını Mərkəzi Bankda saxlamalıdır. Nəticədə kommersiya bankı cəlb etdiyi 1000 manatlıq əmanətin hamısını deyil, 990 manatını kredit resursu kimi istifadə edə bilər. Mərkəzi Bank məcburi ehtiyat normasını 1%-dən 2%-ə qaldırdığı təqdirdə isə kommersiya bankı cəlb etdiyi 1000 manatlıq əmanətin yalnız 980 manatını kredit kimi verə biləcəkdir.

mənbə:marja