Maşın almaq üçün ən əlverişli vaxtdır – ANALİZ

Maşın almaq üçün ən əlverişli vaxtdır – ANALİZ | alkredit.az

Mətbuatda yazılanlara görə, bazarda avtomobil və mənzillər su qiymətinədir. Yazılanlara inanıb bazara üz tutanlar, qiymətlərin heç də deyilən qədər ucuz olmadığını eşidirlər.

“Marja” avtomobil bazarındakı son vəziyyəti qiymətləndirib.

Tez-tez mətbuatda ekspertlərin “avtomobil qiymətləri xeyli düşəcək”, “2016-cı ildə də maşınlar ucuzlaşacaq” şəkilində fikirlərinə rast gəlirik. Açığını deyək ki, bu fikirlər reallığı tam əks etdirmir.

Düzdür, avtomobil bazarında satışlar xeyli aşağı düşüb və bunun bir neçə səbəbi var.

Avtomobil satışlarının azalmasına ən böyük təsiri devalvasiya göstərdi. Devalvasiya nəticəsində Dollar 34% bahalaşdı. Avtomobillər xaricdən Dollar ilə alındığından Azərbaycanda da  avtomobillərin qiymətləri qalxdı.

Devalvasiyadan öncə, ötən ilin fevralında kreditlərin sərtləşdirilməsi də avtomobil satışlarının azalmasına təsir göstərmişdi. Tələbə görə, kreditlə yeni avtomobil alışı zamanı avtomobilin qiymətinin 50 faizi nisbətində ilkin ödəniş edilməlidir, qalan 50 faiz isə kreditlə ödənilə bilər.  Bildiyimiz kimi, Azərbaycanda avtomobillər əsasən kreditlə alınırdı. Alıcıların çoxunun avtomobilin qiymətinin yarısı qədər pulları olmadığına görə, satışlar bir az azaldı. Rəsmi satış mərkəzləri lizinq vasitəsilə satışları xeyli bərpa etsələr də, krediti tam əvəz edə bilməyib.

Hazırda satışların aşağı düşməsinin səbəbi çətin iqtisadi vəziyyət ilə əlaqədar olaraq tələbin aşağı düşməsidir. Əhalinin bəzi qruplarının gəlirləri azaldığından avtomobil almaq barədə fikirləşmirlər. Sabit işi və əlində pulu olanlar isə, gözləmə mövqeyini tutublar.

Əslində gözləməyin yeri yoxdur. Əgər kimsə qiymətlərin daha da düşəcəyini hesab edirsə, o, yanılır.

İlin sonunun yaxınlaşması ilə əlaqədar olaraq markalar satış hədəflərinə çatmaq və ehtiyatlarını “əritmək” üçün kampaniyalarda “qaza basıblar”.  Avtomobillərin qiymətlərində xeyli endirimlər, satış şərtlərində güzəştlər olunur.  Rəsmi distribyutor və dilerlərin bu addımı bəzi şəxslər tərəfindən “qiymətləri daha da endirəcəklər” şəkilində şərh olunur. Bəs svtomobil qiymətləri nə qədər düşə bilər?

ƏLİNİZİ İTİ TUTUN

Birincisi, yeni avtomobillərin qiymətləri hər ilin sonunda aşağı salınır. Bu bazarın mövsümi dinamikası ilə bağlıdır.

Ümumiyyətlə, Azərbaycanda avtomobil satışları 3-cü rübün sonlarından başlayaraq azalır və növbəti ilin 1-cü rübündə demək olar ki, ən aşağı satışlar qeydə alınır. Bunun isə iki əsas səbəbi var; birincisi ona görə ki, ölkəmizdə avtomobilin  texniki pasportunda  avtomobilin alındığı il deyil, istehsal ili qeyd olunur. Yəni, siz 2016-cı ilin Fevral ayında maşın alsanız o maşının texniki pasportunda istehsal ili 2015 qeyd olunur. Düzdür, siz həmin maşını bir müddət sonra satdıqda, bu, ikinci əl qiymətinə mənfi təsir edir. Lakin avtomobil almaq istəyənlər üçün bu dövr həmişə ən yaxşı dövr olub, çünki il ərzində ən böyük endirimlər bu dövrdə olur. Mart ayından etibarən isə, avtomobil mərkəzlərində istehsal ili 2016-cı il olan avtomobillər öz yerini tutacaqdır. Təbii ki, həmin avtomobillər buraxılış ili 2015 olan avtomobilin qiymətinə satılmayacaqdır.

Məsələn, hazırda Hyundai Santa Fe-yə 20%-ədək endirim olunub. Əvvəllər 30 min 100 manatdan başlayan qiymətlər ilə satılan bu avtomobil hazırda 25 min 100 manatdan başlayan qiymətlər ilə təklif olunur. Faktiki olaraq Santa Fe modeli, 21 Fevraldakı devalvasiyadan əvvəlki qiymətinə satılır. Bu günə ən təchizatlı Santa Fe 32 min 300 manatadır, halbuki bir neçə ay əvvəl qiymət 39 min 900 manat idi. Düz 7 min 600 manat endirim olunub. Qiymətlər həmişə belə olmayacaqdır, çünki “Auto Azerbaijan” şirkətinin anbarında buraxılış ili 2015-ci il olan Santa Fe-lər məhdud saydadır. Yeni gətiriləcək Santa Fe-lərdə artıq 20% endirim olmayacaqdır. Çünki, buraxılış ili 2016 olan avtomobilləri satmaq üçün “Auto Azerbaijan” şirkətinin ilin sonuna qədər vaxtı olacaqdır. Qısası, rəsmi avtomobil satışı mərkəzlərində qiymətlərin daha da aşağı düşəcəyini gözləmək doğru deyil, dekabr-yanvar-fevral ayları avtomobil almağın əsl vaxtıdır.

BÖYÜK ZƏRƏR İLƏ STOK “ƏRİDİLİR”

İkincisi, hər ilin sonunda qiymətlərə endirim olunması avtombil biznesinin özünəməxsus xarakteri ilə bağlıdır, gərək anbarda avtomobil qalmasın. Bu ona görə edilir ki, 2016-cı ildən vaxt itirmədən buraxılış ili həmin ilə aid olan  avtomobilləri sifariş etmək lazımdır. Bunun üçün buraxılış ili 2015 olan avtomobillər satılmalıdır.

Naxcvanda NAZ-Lifan markalı avtomobillərin istehsalını nəzərə almasaq, qalan avtomobillər xaricdən idxal olunur. Bu isə o deməkdir ki, manatın 21 Fevraldakı devalvasiyasından sonra, əslində avtomobillərin qiymətləri məcburən artmalı idi. Fikirləşmək olar ki “o avtomobillər devalvasiyadan əvvəl ölkəyə daxil olub, nə üçün qiymət artırılır?”, lakin, məsələ əslində o qədər sadə deyil. Həmin avtomobillər özləri 21 Fevraldan əvvəl ölkəyə daxil olsa da, distribyutorlar yüzlərlə avtomobili nəğd pula almırlar, onlar üçün, adətən dollarla müxtəlif bankalara borclanırlar. Yəni, distribyutor manatla satdığı avtomobilin borcunu dollarla geri ödədiyi üçün qiymətlərini mütləq tənzimləməlidir. Məzənnə dəyişikliyindən sonra bir çox əsas oyunçular – Hyundai, Toyota və Nissan kimi markalar qiymətlərini artırdılar, lakin daha sonra qiymətləri yenidən aşağı salmağa başladılar. Bunun səbəbi isə, qeyd etdiyimiz kimi avtombil biznesinin özünəməxsus xarakteri ilə bağlıdır; avtomobil gərək stokda qalmasın. O hərəkət etməlidir. Bu baxımdan bütün distribyutorlar endirimlərə başladılar və böyük endirimlər də edilir.

Bəzi ekspertlərin qeyd etdiyi kimi, avtomobil sektorunda distribyutorlar 40% mənfəət ilə çalışmır. Bizim araşdırmamıza, beynəlxalq bazarlarla müqayisələrimizə və bəzi daxili mənbələrimizdən əldə etdiyimiz məlumatlara görə, bu sektorda gəlir marjası heç 10%-ə də çatmır. Bunu nəzərə alsaq, hazırda 20%-ə qədər olan endirim o deməkdir ki, distribyutorlar böyük zərərlərlə maşın stokunu “əritmək” istəyirlər.

0 KM AVTOMOBİL, İŞLƏNMİŞ AVTOMOBİL QİYMƏTİNƏ

Qeyd etdiyimiz kimi, avtomobil satışı mərkəzləri, ehtiyatlarını (stoklarını – anbarda qalan maşınları) “əritmək” üçün gəlir marjalarını minimuma endirirlər, hətta zərərinə satış aparırlar. Əslində indiki vəziyyətdə ikinci əl avtomobil almaq da sərfəli deyil. Bir-iki il sürülmüş ikinci əl avtomobili almağı düşünən müştəri, 2015 model sıfır km avtomobilə üstünlük verə bilər. Çünki arada çox böyük fərq yoxdur. Məsələn, elə təkrar bazarda buraxılış ili 2015-ci il olan Santa Fe modeli 25-26 min manatdır. Bu məbləğdə pulun üstünü bir az düzəldib 0 km Santa Fe-yə sahib olmaq olar.

İDXALIN AZALMASI QİYMƏTLƏRİN DAHA DA DÜŞƏCƏYİNƏ İŞARƏ DEYİL

Əvvəlki illərdə Azərbaycana hər ay 7-8 min avtomobil gətirildiyi halda, son aylar gətirilən avtomobillərin sayı 2 min ədədə çatmır. Bu əhalinin əvvəlki qədər avtomobil almadığına, rəsmi distiribyutor və dilerlərin də müvafiq olaraq avtomobil satşlarının dəfələrlə azaldığına işarə edir.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2015-ci ilin Yanvar-Oktyabr aylarında 2014-cü ilin eyni dövrü ilə müqayisədə minik avtomobillərinin idxalı 25 min 882 ədəd və ya 2,2 dəfə azalaraq 21 min 497 ədədə düşüb. Avtomobil idxalının azalması Avro 4 standartına keçid, kreditlərin sərtləşdirilməsi, dolların bahalaşması və əhalinin alıcılıq qabiliyyətinin azalması ilə bağlıdır.

Elə rəsmi satış mərkəzləri də satışlarda ciddi azlamanın olduğunu təsdiq edirlər. Hyundai və Chrysler Group markalarının ölkəmizdəki rəsmi distribyutoru “Auto Azerbaijan” şirkətinin marketinq departamentindən aldığımız məlumata görə, satışlar ötən ilə nisbətdə 60%-dən çox azalmışdır.

Ölkəmizə 2015-ci ilin Yanvar ayında 3870 ədəd, Fevral ayında 3161 ədəd, Mart ayında 2225 ədəd, Apreldə 2484 ədəd, Mayda 2172 ədəd, İyunda 1833 ədəd, İyul ayında 1600 ədəd, Avqust ayında 1476 ədəd, Sentyabr ayında 1565 ədəd, Oktybar ayında isə 1111 ədəd minik avtomobili idxal olunub. Göründüyü kimi, ən çox avtomobil Yanvar-Aprel aylarında idxal olunub. Bunun səbəbi ilin əvvəlində avtomobil mərkəzlərinin yeni modellərin idxalını həyata keçirmələridir.

Ümumiyyətlə, avtomobil satışlarının 2 dəfə azalması, qiymətlərin 2 dəfə düşməsilə nəticələnməyib. Sadəcə bazarda müəyyən faizdə endirimlər var.

YENİDƏN DEVALVASİYA

Avtomobil idxalının gələn il ən azı bu səviyyələrdə olacağı, çox güman ki, bir az da artacağı gözlənilir. Cəmiyyətdə bu ilin sonu və ya gələn ilin əvvəli ikinci devalvasiyanın olacağı barədə söz-söhbətlər dolaşır. İkinci devalvasiya olduğu təqdirdə iqtisadi aktivlik bir az da səngiyə bilər. Bu səbəbdən bir çoxları, xərcləmək yerinə pulunu qoruyub saxlayır. Amma devalvasiyaya görə avtomobil alışını təxirə salmaq doğru deyil. Yenidən devalvasiya olarsa, dollar bir az bahalaşacağından yenidən avtomobillərin qiymətləri yüksələcəkdir. Devalvasiya olmadığı təqdirdə də, təxirə salınmış alışlar tədricən reallaşacaq və bu da avtomobillərə təlabatı artırdığından rəsmi satış mərkəzlərinin endirimi davam etdirmələrinə səbəb olmayacaqdır. Digər tərəfdən, qış aylarında Rusiya Federasiyasından ölkəmizə pul göndərişləri minimum səviyyəyə düşür. Yaz aylarında Rusiyadan göndərilən pulların nisbətən artacağı və bunu da avtomobil satışlarına müsbət təsir göstərəcəyi gözlənilir.

TÖVSİYYƏ

Qısası, yuxarıdakı faktlara və analizlərə əsaslansaq qeyd edə bilərik ki, 2016-cı ildə avtomobl almağı planlaşdıran hüquqi və fiziki şəxslər üçün əslində indi ən yaxşı dövrdür. Çünki  mövcud stok satıldıqdan sonra heç bir avtomobil distribyutoru yeni məzənnə ilə aldığı avtomobilləri köhnə məzənnə ilə satmayacaq və qiymətlər bahalaşacaq.

mənbə:report