Neft 38 dollara düşdü

Neft 38 dollara düşdü | alkredit.az

İranın, neft hasilatının dondurulması danışıqlarına qoşulmasından əvvəl hasilatını artıracağına dair açıqlaması neftin qiymətinin 3 ayın zirvəsindən aşağı düşməsinə səbəb olub. Brent neftinin qiyməti ötən həftə 41 dolları keçmişdi.

"İranian Students News" agentliyi neft naziri Zanganeh-ə istinadən verdiyi xəbərdə, ölkənin gündəlik hasilatını 4 milyon barelə artırmağı planlaşdırdığı bildirilib.

Neft, Fevral ayında ABŞ-da istehsalın düşməsi, güclü tələbat və neft hasilatının dondurulacağı gözləntisilə 12 ilin dib səviyyəsindən qalxmışdı.

Həmçinin dünən yayılan məlumata görə, neft hasil edən iri istehsalçı ölkələrin Mart ayının 20-də keçirilməsi nəzərdə tutulan görüşü təxirə salınıb. Hasilatın dondurulması məsələsinin müzakirə ediləcəyi görüşün Aprel ayında keçiriləcəyi gözlənilir.

Qərbi Texas tipli xam neftin barrelinin qiyməti 2,2% aşağı düşərək Bakı vaxtı ilə saat 11:40-da 36,38 dollar olub.

Brent neft isə bu gün 2% düşərək 38.71 dollar olub.

İran Yanvar ayında sanksiyaların qalxmasının ardından itkilərini kompensasiya etmək üçün istehsalı artırmağı planlaşdırır. OPEC-in məlumatlarına görə, İran keçən ay gündəlik 3.13 milyon barrel neft hasil edib.

"İRAN SONRA QOŞULA BİLƏR"

Rusiya  energetika naziri Aleksandr Novak, İranlı həmkarı ilə keçirdiyi görüşdən sonra verdiyi bəyanatda, İranın neft hasilatının dondurulmasına dair razılaşmaya, istehsalını sanksiyalardan əvvəlki səviyyəsinə qaldırmasından sonra qatıla biləcəyini deyib.

Novak, Tehrandakı Rusiya səfirliyində mətbuat mənsublarına etdiyi açıqlamada, İranın hələlik istehsalını dondurmamsı üçün "məqbul arqumentlərinin" olduğunu deyib.

Novak, "İran hasilatın dondurulmasında bir müddət sonra bizə qoşula bilər. Bu, İranlı tərəfdaşlarımızdan gələn normal, konstruktiv mövqedir" şəklində bildirib.

Novak, böyük neft istehsalçılarının yəqin ki, Aprel ayında, bazara sabitlik gətirmək üçün, istehsalın Yanvar ayı səviyyələrində dondurulmasına dair təklifi müzakirə etmək üçün görüşəcəyini və İranın neft naziri Bijan Namdar Zanganehin də görüşə qoşulacağına ümid etdiyini sözlərinə əlavə edib.

Novak, danışıqlar üçün Qətərin paytaxtı Dohanın bir variant olduğunu qeyd edib.