O, bankın 30 milyon manatını mənimsəməkdə təqsirləndirilir

O, bankın 30 milyon manatını mənimsəməkdə təqsirləndirilir | alkredit.az

Azərbaycan Beynəlxalq Bankından 30 milyon krediti götürərək mənimsəməkdə təqsirləndirilərək həbs edilən, Mingəçevir "İzolit" Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Mehman Mehdiyevin həbs müddəti artırılıb.

Nərimanov rayon Məhkəməsinin qərarı ilə M.Mehdiyevin barəsindəki həbs qətimkan tədbirinin müddəti daha 3 ay müddətinə uzadılıb.

Qeyd edək ki, M.Mehdiyev Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2 (dələduzluq) maddəsi ilə ittiham olunub. O, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən saxlanılaraq barəsində həbs qətimkan tədbiri seçilib.

"Mingəçevir İzolit" Açıq Səhmdar Cəmiyyəti, Azərbaycan Respublikası Mingəçevir şəhərində yerləşən "Azərelektroizolit" zavodunun bazasında yaradılmışdır. Müəssisə 1963-cü ildən öz məhsullarının ilk növlərini buraxmağa başlamışdır. Elektroizolyasiya materiallarının istehsalçısı olan bu müəssisə SSRİ-də böyük təşkilatlardan biri olmuş və 600-dən çox müəssisə ilə əməkdaşlıq etmişdir. Bunlarda "Tümenneft", "Başneft", Uralelektrotyajmaş" İB, "Rovno elektroaparat" zavodu və s. Müəssisənin istehsal etdiyi izolyasiya materialları yüksək konstruksiyalı material kimi xalq təsərrüfatının bir çox sahələrində geniş tətbiq olunur.

Mənbə: Trend