Sığortada anti-böhran hazırlığı

Sığortada anti-böhran hazırlığı | alkredit.az

“Buta Sığorta” şirkəti 2016-cı il üçün anti-böhran planı hazırlayıb. Bu barədə sığorta şirkətinin idarə heyətinin üzvü Kamran Babayev məlumat verib.

Onun sözlərinə görə, hazırda manatın dollar qarşısında ucuzlaşmaqda davam etməsi sığorta bazarına təsir göstərməyə başlayacaq. Xüsusilə də, avtomobil sığortasında zərərlilik artacaq. Belə ki, avtomobillərlə yanaşı xaricdən gətirilən ehtiyat hissələrinin də qiyməti yüksəlir. Bu da öz növbəsində sığortalı avtomobillərlə bağlı təmir xərclərinin artması deməkdir.

Şirkətin zərərləri 18 % artacaq

K.Babayevin sözlərinə görə, hazırda “Buta Sığorta”nın mövcud avtomobil sığortası portfeli üzrə zərərliliyi 50 % təşkil edir. Zərərliliyin 18 % artaraq 68 % təşkil edəcəyi gözlənilir. Məsələn, dolların bahalaşmasından öncə 10 min manatlıq avtomobil 300 manata sığortalanıb. İndi isə bu avtomobilin bazar qiyməti 15 min manat olub. Amma sığorta şirkəti əvvəlki sığorta haqqı müqabilində avtomobili təmir etdirməli olur. 15 min manatlıq avtomobilə görə isə sığorta haqqı 450 manat təşkil edir. Bu isə o deməkdir ki, sığorta şirkəti hər avtomobilin sığortalanmasında 150 manat itirir.

Kasko qiymətləri bahalaşacaq

Sığorta şirkəti üçün zərərliliyin artmasının qarşısını almaq üçün anti-böhran planı hazırlanıb. Yanvar ayından etibarən planın detalları dəqiqləşəcək. Amma hələlik bununla bağlı bir neçə addımın atılacağı gözlənilir. Birincisi sığorta bazarındakı qiymətlərə uyğun olaraq kasko sığorta 17-18 % bahalaşa bilər. Bu isə o deməkdir ki, əvvəl 300 manata sığortalanan 10 min manatlıq avtomobil indi 50 manat baha sığortalanacaq.

Ucuz servislərlə əməkdaşlıq ediləcək

Digər məsələ ondan ibarətdir ki, sığorta şirkəti əməkdaşlıq üçün avtoservislər arasında qiymətləndirmə apara bilər. K.Babayev bildirib ki, kefiyyəti eyni olan daha ucuz xidmət təklif edən avtoservislə əməkdaşlıq ediləcək. Ehtiyat hissələrinin qiymətlərində endirim etmək mümkün olmasa da, işçi xərclərində avtoservislər güzəştə gedə bilər.

Az zərərli sığortalara üstünlük veriləcək

Bundan əlavə zərərliliyin az olduğu sığorta növlərində satışların artırılmasına diqqət yetiriləcək. Məsələn, partnyorlarla əməkdaşığı gücləndirib yük, fərdi qəza, əmlak sığortasında satışlar artırılacaq. Eyni zamanda gələn il üçün 2-3 yeni sığorta məhsulunun satışa çıxarılacağı gözlənilir.

Mənbə: Fins.az