Sığortalı avtomobil hadisədən sonra harada təmir edilməlidir?

Sığortalı avtomobil hadisədən sonra harada təmir edilməlidir? | alkredit.az

"Sığorta müqavilələrindəki sürprizlər" mövzusuna "Təmir şərtləri və Təmir emalatxanasının (servis mərkəzinin) seçilməsi " şərtlərinin izahı ilə davam edək.

Çox zaman, hətta sığortalı olmadığımız zamanlarda belə, avtomobilimizlə bağlı hər hansı təmir və ya xidmət ehtiyacımız yarananada etibar etdiyimiz ustalara və ya servis mərkəzlərinə üz tuturuq. Sığorta müqaviləsi bağladığımız zaman isə bu imkan əlimizdə olmaya bilər. Yəni, hadisə baş verdikdən sonra avtomobilimiz təmir edilmək üçün  heç tanımadığımız servisə yönləndirilə bilər. Çünki, biz bu şərtlə müqavilə bağladığımız zaman RAZILAŞMIŞIQ! Ola bilsin bundan heç xəbərimiz belə olmayıb.

İndi isə bu sürprizlə qarşılaşmamaq üçün nə etməliyik???

Bilməliyik ki, avtomobil sığortası ilə bağlı AR Maliyyə Nazirliyinin 23 sentyabr 2014-cü tarixli, #Q-20 -li qərarı ilə təsdiq edilmiş "Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinintam sığortası üzrə sığorta "qaydaları mövcuddur.  Bu qaydalar bütün sığorta şirkətləri üçün eynidir və şirkətlərin bu qaydalardan kənar şərtlər təyin etmək hüquqları yoxdur.

Təmir şərtəri ilə bağlı həmin qaydaların 10-cu maddəsinə əsasən servis mərkəzini təyin edilməsi müqavilə bağlayarkən müəyyyən edilir və tərəflər buna razılıq verirlər. Yəni, əgər Siz hər hansı avtomobilinizin  hansı servisdə təmir etdirmək niyyətindəsinizsə, bunu sığorta müqaviləsinə əlavə etdirməlisiniz. Bu zaman əgər hadisə baş verərsə sığorta şirkəti avtomobili həmin servisdə təmir etdirməlidir.   Bundan başqa, Siz servis mərkəzinin adını müqaviləyə salmadan, bu seçim hüququnu öz üzərinizdə saxlaya bilərsiniz. Hadisədən sonra Siz harda istəsəniz avtomobil həmin servisdə də təmir ediləcəkdir.

Proses zamanı bir neçə məqam var ki, onlar da mütləq nəzə alınmalıdır:

1. Ola bilsin ki, avtomobiliniz hansısa rəsmi distribyutora aiddir və təmirində məhz həmin yerdə aparılmasını istəyirsiniz. Bu zaman sığorta şirkəti Sizdən müqavilə bağlayan zaman əlavə sığorta haqqı tələb edə bilər. Əlavə sığorta haqqı tələb etmək (könüllü sığortalarda) sığorta şirkətinin hüququ və müstəqil qərarıdır. Ola bilsin ki, sığorta şirkəti seçdiyiniz servislə razılaşmasın. Bu zaman Siz alternativ servis təklif edə və ya müqavilə bağlamaqdan imtina edə bilərsiniz.

2. Nəzərə almalısınız ki, hətta avtomobiliniz Sizin servisdə təmir olunsa belə, avtomobilinizi sığorta hadisəsi baş verməmişdən öncəki vəziyyətindən daha yaxşı vəziyyətə gətirilmə xərcləri sığortaçı tərəfindən ödənlməyə bilər. Tutaq ki, hadisədən qabaq avtomobilin hansısa hissəsi zadələnib və hadisəyə qədər təmir edilməyib. Bu zaman həmin hissənin təmiri çəkilən xərclər sığorta ödənişi zamanı nəzərə alınmayacaqdır.  Bu həmin qaydaların 30.1.3 -cü bəndi ilə tənzimlənir.

Ümumiləşdirsək nəticə bu şəkildə alınır: Müqavilə bağlayanda Siz servisi seçirsiniz (və ya seçmə hüququnu öz üzərinizdə saxlayırsınız). Hadisə baş verəndən sonra  avtomobiliniz həmin servisə aparılır. Zərər qiymətləndirilir. Həmin zərər aktına görə sığorta şirkəti Sizə və ya birbaşa servisə məbləği köçürür.

Təmirdən sonra da gedib avtomobilinizi götürüsünüz...ƏLAVƏ XƏRC ÇƏKMƏDƏN!!!

Mövzu genişdir. Qısaltmağa çalışdım.

Müəllif: Ramin Məmmədov, "Bakı Sığorta" ASC-nin İdarə Heyətinin sədr müavini, sığorta üzrə ekspert

Qeyd: Təmir müəssisəsinin seçilməsi hüququnun müqavilə ilə kimə verilməsindən asılı olaraq sığorta tarifi dəyişə bilər. Sığortaçı əlavə sığorta haqqı tələb edə bilər. Yaxud, sığortaçıda iki fərqli tarif cədvəli ola bilər. Müştərilər də bilməlidir ki, təmir müəssisəsinin seçim hüququnu özlərində saxladıqları halda, onlar çox güman ki, daha yüksək sığorta haqqı ödəməli olacaqlar.

 

mənbə:marja