Yapı Kredi Bank Azərbaycan mənfəət əldə etməsinin sirrini açıqladı

Yapı Kredi Bank Azərbaycan mənfəət əldə etməsinin sirrini açıqladı | alkredit.az

Cenk Yüksel: "Beynəlxalq təcrübəmiz və düzgün strategiyamız ilə uğurlu nəticələrə nail olmuşuq"

Türkiyənin ən böyük şirkətlər qrupu Koç Holding və Avropanın ən böyük bankçılıq qruplarından biri olan Unicredit bankının əsas səhmdarı olduğu Yapı Kredi Bank Azərbaycan 2016-cı ilin ilk rübünün nəticələrini elan edib. Dalğalı iqtisadi şərtlərə baxmayaraq, bank ilk rübdə 1.6 milyon manata yaxın mənfəət əldə edib.

Bankın İdarə Heyətinin Sədri Cenk Yüksel "Marja"ya, “Keçən illərdə olduğu kimi, bu il də müştəri yönümlü çalışaraq innovativ məhsullar və sərhədsiz xidmətlər təklif etməyi düşünürük. Yeni POS terminallar quraşdırmaq və plastik kart məhsulunu inkişaf etdirməklə, qeyri-nağd ödənişlərin stimullaşdırılması üzrə prioritetlərə verdiyimiz önəmi daha da artırmağı hədəfləyirik” şəklində açıqlama verib.

Düzgün strategiya, uğurlu nəticə

Cenk Yüksel qeyd edib ki, Avropanın 17 ölkəsində fəaliyyət göstərən qurumun parçası olan bank beynəlxalq təcrübəsini ölkəmizin şərtlərinə uyğunlaşdıraraq fəaliyyət göstərir və Azərbaycan iqtisadiyyatını dəstəkləməyə davam edir. Belə ki, 2016-cı ilin ilk rübündə bankın aktivləri 2015-ci ilin eyni dövrü ilə müqayisə etdikdə 12% artaraq 419.2 milyon manat olmuşdur. Xalis əməliyyat mənfəəti və qeyri faiz gəlirləri 75%-lik artım göstərmişdir. Belə uğurlu nəticənin sirri şübhəsiz ki, səhmdarlarının kifayət qədər beynəlxalq təcrübəyə malik olmalarından və düzgün strategiya “istehsal” etməyindədir.

İqtisadiyyatın real sektoruna dəstək

Cenk Yüksel “Ölkə iqtisadiyyatında biznes sahələrinin inkişaf etməsinə töhfə vermək məqsədi ilə, real sektorun daim yanındayıq. Yapı Kredi Bank Azərbaycan olaraq real sektora verdiyimiz kreditlərin ümumi kredit portfelində çəkisi 67% təşkil etməkdədir” deyərək sözünə davam edib.

Daim müştərilərini düşünür

Yapı Kredi Bank Azərbaycan bugünə qədər 35 milyon manatdan artıq yatırım etmişdir. Bu da, bankın öz sistemlərinə, müştəri məlumatlarının təhlükəsiz idarə edilməsinə verdiyi önəmin göstəricisidir. Onu da qeyd edək ki, bank 2015-ci ildə müştərilərinə göstərdiyi xidmət beynəlxalq səviyyədə də qiymətləndirilmişdir. Belə ki, İngiltərənin nüfuzlu Global Banking and Finance Review təşkilatı tərəfindən "2015-ci ilin Ən Yaxşı Pərakəndə Bankı" və "2015-ci ilin Ən Yaxşı İnternet Bankçılıq Məhsulu" mükafatlarına layiq görülmüşdür.