Bakıda Azərbaycan bank və maliyyə forumu keçirilir

Bakıda Azərbaycan bank və maliyyə forumu keçirilir | alkredit.az

“Adam Smith Conferences”in təşkilatçılığı ilə fevralın 4-də Bakıda Azərbaycan bank və maliyyə forumu işə başlayıb.

AzərTAc xəbər verir ki, forumda müxtəlif dövlət və özəl strukturlarının, o cümlədən Beynəlxalq Maliyyə Korporasiyası, Dünya Bankı, Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Azərbaycan Mərkəzi Bankı, PAŞA Bank və digər maliyyə sektorlarını təmsil edən 100-dən çox nümayəndə iştirak edir.

Tədbirdə çıxış edən PAŞA Bankın idarə heyətinin üzvü, baş investisiya inzibatçısı Taleh Kazımov bildirib ki, bu cür tədbirlərin keçirilməsi fikir mübadiləsi və bizneslə dövlət strukturlarının nümayəndələri, o cümlədən, yerli və xarici ekspertlər arasında peşəkar dialoqun qurulması baxımından zəruridir. Biz bu forumun mütəxəssislər arasında bank sektorunun, aktivlərin idarə olunmasının, kapital bazarlarının və digər istiqamətlərin gələcək inkişafına dair fikir mübadiləsi üçün əlverişli platformaya çevriləcəyinə inanırıq.

Əsas mövzusu özəl bankçılıq xidmətləri və aktivlərin idarəsi olan forumda Azərbaycanda maliyyə bazarları üçün tənzimləyici mühit və iş şəraiti, geniş maliyyə bazarları məkanında Azərbaycanın yeri, Azərbaycanda bank sektorunun gələcəyi – məhsullar, sektor və coğrafi şaxələndirmə üzrə ən yaxşı strategiyalar, özəl bankçılıq xidmətləri və aktivlərin idarə edilməsi, kommersiya və pərakəndə bankçılıq, Azərbaycanın investisiya xəritəsi, ticarət və əmtəə maliyyələşməsi – Azərbaycan regional ticarət qovşağı qismində, maliyyə və informasiya şöbələri rəhbərlərinin ideyaları, investisiya məsləhət xidmətləri mövzuları müzakirə edilir.

Azərbaycan bank və maliyyə forumunda ölkənin maliyyə bazarı, bank sektorunun mövcud vəziyyəti və inkişaf perspektivlərinə dair maraqlı məruzələr səslənib.

Forum ekspertlər tərəfindən Azərbaycanın korporativ məsələlərin formalaşdırılması, maliyyə strategiyası, korporativ inkişaf və maliyyə imkanlarının müzakirəsi baxımından yüksək qiymətləndirilib.

Qeyd edək ki, Londondakı Adam Smith İnstitutu dünyanın fərqli ölkələrində iqtisadi inkişafla bağlı dərin araşdırmalar aparan və uzunmüddətli inkişaf imkanları ilə bağlı tövsiyələr hazırlayan elmi araşdırma mərkəzidir. İnstitutun iqtisadiyyatın müxtəlif sahələri ilə bağlı keçirdiyi illik konfranslar ölkələrin sərmayə imkanları, kommersiya strategiyaları haqda iştirakçılara geniş məlumatlar verir.

PAŞA Bank və “Unibank”ın sponsorluğu ilə keçirilən forum işini fevralın 5-də davam etdirəcək.

©azertag