Bakıda Vergi üzrə Peşəkar Təlim və İnkişaf Forumu keçirilir

Bakıda Vergi üzrə Peşəkar Təlim və İnkişaf Forumu keçirilir | alkredit.az

Sentyabrın 9-da Bakıda Vergilər Nazirliyinin Avropadaxili Vergi Administrasiyaları Təşkilatı (IOTA) ilə əməkdaşlığı çərçivəsində “Vergi üzrə Peşəkar Təlim və İnkişaf Forumu” işinə başlayıb.

İldə bir dəfə keçirilən IOTA-nın Təlim Forumu 10 ildən artıqdır ki mövcuddur və sonuncu belə Forum 2014-cü ilin 7-9 may tarixlərində Makedoniya Respublikasının paytaxtı Skopye şəhərində keçirilmişdir.

IOTA-nın digər Forumlarından fərqli olaraq Təlim Forumu Vergi Administrasiyalarının dolayısı ilə bütün fəaliyyət istiqamətlərini əhatə edir. Təlim Forumunun işinin təşkili məqsədilə yaradılmış Rəhbər Qrupunun tərkibinə onun fəaliyyətinə cəlb edilmiş üzv dövlətlərin mütəxəssisləri daxildir.

Təlim Forumu 2015/2016-cı illərdə yeni başlıq altında - Vergi üzrə Peşəkar Təlim və İnkişaf Forumu adı ilə fəaliyyətini davam etdirməkdədir. Forumun prioritet sahələrinə elektron tədris və mobil tədris, smartfon, tablet və dizüstü kompüterlərdən istifadə, sosial tədris və sosial şəbəkələrdən istifadə, beynəlxalq müstəvidə əməkdaşlıq, akkreditasiya və vergi peşəkarlığı daxildir.

Forumun əsas məqsədi vergi orqanlarına təlim və insan resursları sahələrində təcrübə mübadiləsi aparmağa, yeni tendensiyaları və təlim strategiyalarına ümumi yanaşmaları müəyyən etməyə, eləcə də bu sahələrdə tətbiq edilən metod və texnologiyalar və onların təkmilləşdirilməsinin yolları barədə müzakirələr aparmağa şərait yaratmaqdır.

Azərbaycanın ev sahibliyi etdiyi Forumda IOTA-ya üzv 25 ölkədən 39 nümayəndə iştirak etmişdir. Forumun ilk günü İsveç, Macarıstan, Niderland və İtaliya Vergi Administrasiyaları nümayəndələrinin təqdimatları nümayiş edilib.

Forum zamanı iştirakçıları təlimin səmərəliliyini qiymətləndirmək, məktəblərdə vergi təhsili ilə bağlı proqramların və layihələrin tətbiqini təhlil etmək imkanı əldə edəcəklər. Həmçinin, Forumda vebinarlardan (veb seminar) istifadə, virtual təlim, peşəkar tədris və inkişafa dair video təlimatlar kimi mühüm məsələlər müzakirə ediləcək.

Üç gün davam edəcək Forumun ilk və son günü Bakı şəhərində, ikinci günü isə Vergilər Nazirliyinin Şamaxıda yerləşən Tədris Mərkəzində keçiriləcək.

 

mənbə:marja