“Bank Avrasiya”nın səhmdarı dəyişib

Bank Avrasiyanın səhmdarı dəyişib | alkredit.az

“Vergilər” qəzetinə istinadən xəbər veririk ki, “Qalaktik”  MMC “PMD Group” MMC ilə birləşdiyini elan edib.

İnternetdə bəzi saytlarda, “Qalaktik”  MMC “PMD Group”-un üzvü kimi göstərilir.

Bu birləşmədə diqqəti çəkən “PMD Group” tərəfindən “udulan” “Qalaktik”  MMC-nin “Bank Avrasiya”nın səhmdarlarından biri olmasıdır. “Qalaktik”  MMC Bankın adi səhmlərinin  37.5%-nə sahib idi.

Qeyd edək ki, “Qalaktik” MMC 37.5% pay əldə edərək Bankın səhmdarları sırasına 2013-cü ildə qoşulmuşdu. MMC payı “Tayninq Qlobal Ink” MMC-dən almışdı.

2012-ci ildə “Foton” MMC və “Yeddi Bulaq” MMC-nin fəaliyyətinə xitam verilərək “Qalaktik” MMC-yə qoşulduğunu elan etmişdi.

“Qalaktik” MMC  Vergilər Nazirliyi yanında Xüsusi Rejimli Vergi Xidməti Departamentində qeydiyyatda olub. İri vergi ödəyicisi olan bu şirkət inşaat sektorunda fəaliyyət göstərirdi.

31 dekabr 2013-cü il tarixində “Bank Avrasiya”nın səhmdarları “Evro Standard” MMC (37.5%), “Qalaktik” MMC (37.5%) və “Azbizneskom” MMC (25%)  olmuşdu.

KAPİTALINI 50 MİLYON MANATA ÇATDIRIB

Qeyd edək ki, “Bank Avrasiya” ASC nizamnamə kapitalını Azərbaycan Mərkəzi Bankının tələbinə  uyğunlaşdırıb. Bankın ötən ilin sonunda emissiya etdiyi  hər birinin nominal dəyəri 2 500 manat olan  20 000 ədəd adi səhmləri uğurla yerləşdirilmişdir. Nəticədə “Bank Avrasiya” ASC-nin nizamnamə kapitalı 50 milyon manata çatdırılıb. Səhmlərin alıcısının adı açıqlanmayıb. Alıcı “PMD Group” MMC olduğu halda, bankın əsas səhmdarının bu şirkət olduğunu söyləmək olar.

ÖTƏN İL GƏLİRLƏRİ  ARTIB

2014-cü ildə “Bank Avrasiya”nın cəmi gəlirləri 9,96 milyon manat, o cümlədən faiz gəlirləri 8,68 milyon manat, qeyri-faiz gəlirləri 1,28 milyon manat təşkil etmişdir. Bankın gəlirləri 2013-cü illə müqayisədə 12,4% artıb. Ötən il “Bank Avrasiya”nın xalis mənfəəti 9,3 min manat olmuşdur. Bankın xalis mənfəətinin az olması 4,49 milyon manat olmuş əməliyyat mənfəətinin Aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırılmasıdır. Bank 2013-cü ili 1,96 milyon manat xalis mənfəət ilə başa vurmuşdu.

AKTİVLƏRİ 100 MİLYON MANATA YAXINLAŞIR

2014-cü ildə “Bank Avrasiya”nın cəmi aktivləri 14,354 milyon manat və ya 17,6% artaraq 95,879 milyon manata çatmışdır. Bankın aktivlərinin 58,571 milyon manatını müştərilərə verdiyi kreditlər təşkil etmişdir.