“Bank Technique” sağlamlaşır

Bank Technique sağlamlaşır | alkredit.az

“Bank Technique” ASC 2014-cü ili 2,72 milyon manat xalis mənfəət ilə başa vurub.

“Marja” Bankın maliyyə hesabatlarına istinadən xəbər verir ki, 2013-cü illə müqayisədə ötən il “Bank Technique”in xalis mənfəəti 1,014 milyon manat və ya 27,1% azalıb.

GƏLİRLƏRİ 38% ARTIB

Keçən il “Bank Technique”in cəmi gəlirləri 60,414 milyon manat, o cümlədən faiz gəlirləri 39,478 milyon manat, qeyri-faiz gəlirləri 20,936 milyon manat təşkil edib. Bank ili 2,56 milyon manat xalis əməliyyat mənfəəti ilə başa vurub.

2013-cü illə müqayisədə Bankın cəmi gəlirləri 16,652 milyon manat və ya 38% artıb.

“Bank Technique” 2013-cü ili 1,288 milyon manat xalis əməliyyat zərəri ilə başa vurmuşdu. Lakin aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün yaradılan xüsusi ehtiyatdan götürülmüş 5,14 milyon manat hesabına zərər bağlanılmış və mənfəət vergisi ödənilmişdi. Nəticədə də Bankın 3,737 milyon manat xalis məfəəti yaranmışdı.

AKTİVLƏRİ DƏ ARTIB

31 Dekabr 2014-cü il tarixinə “Bank Technique”in cəmi aktivləri 608,73 milyon manat təşkil edib. 2013-cü illə müqayisədə Bankın aktivləri 87,115 milyon manat və ya 16,7% artıb.

KREDİT PORTFELİ 100 MİLYONDAN ÇOX ARTIB

Ötən ilin sonunda Bankın müştərilərə verdiyi kreditlərin cəmi məbləği 447,785 milyon manat təşkil etmişdir ki, bu da 2013-cü illə müqayisədə 113,471 milyon manat və ya 34% çoxdur. Xalis kreditlər və lizinqlər isə 288,539 milyon manatdan (2013-cü il) 409,602 milyon manata yüksəlib.

DEPOZİTLƏR CÜZİ AZALIB

“Bank Technique”in depozit portfeli isə 2013-cü illə müqayisədə 8,605 milyon manat azalaraq 303,221 milyon manata düşüb. Bankda fiziki şəxslərin müddətli depozitləri (əhalinin əmanətləri) isə 10,515 milyon manat artaraq 169,471 milyon manata qalxıb. Depozitlərin azalması hüquqi şəxslərin tələbli depozitlərinin azalması ilə bağlıdır.

Ötən ilin sonunda “Bank Technique”in nizamnamə kapitalı 75,1 milyon manat, cəmi kapitalı isə 66,791 milyon manat təşkil edib.

Qeyd edək ki, “Bank Technique” “Texnikabank”ın hüquqi varisidir. Maliyyə vəziyyəti pisləşən və bir neçə qalmaqallı hadisələrin iştirakçısına çevrilən “Texnikabank”ın, 2012-ci ildən başlayaraq  səhmdarları dəyişmiş və bank yoluna “Bank Technique” adı ilə davam etməyə başlamışdır.